“Marsel”i səfərdə daha yaxından tanıdıq” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə (Fransa) Bakıda keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Qurbanov, komandasının cavab matçında daha yaxşı oyun nümayiş etdirəcəyinə inandığını deyib:
“Dərhal hiss olunur ki, oyuna böyük ajiotaj var. Qış aylarından sonra Azərbaycanda avrokubok oyunu keçirilməmişdi. Azarkeşlərimiz də çox istəklidir. Bizə güvəndiklərinə görə hər birinə təşəkkür edirəm.
Rəqibin çox yaxşı baş məşqçisi və oyun üslubu var. İlk matça kimi də onları təhlil etmişdik. Düşündüyümüzün çoxunu meydanda gördük və onlara qarşı düzgün oynadıq. “Marsel”i səfərdə daha yaxından tanıdıq. Futbolçularıma da demişəm ki, burda daha yaxşı oynamalıyıq. Azarkeşlərimiz yaxşı oyunla istirahət etsinlər, hər şeyi bir anlıq da olsa, unutsunlar. İnşallah, bunu bacararıq.
“Marsel” son çempionat görüşündə uduzub. İstər-istəməz bizi ciddiyə alacaqlar. Bu amil bizə mane ola bilər. Amma futbolçularımın ən yaxşı oyunlarını göstərəcəyinə inanıram”.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.
Bizi Facebook-da izləyin