Azər Əliyev: “Milliyə lazım olsam, məmnuniyyətlə oynayacam”
“Neftçi”nin yeni transferi Azər Əliyev klub telekanalına müsahibə verib.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bunları söyləyib:
“Bu komandaya keçdiyimə görə çox şadam. “Neftçi” böyük tarixə malik klubdur. Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimdə olmaq istəyərdi. Buna görə də, var gücümlə çalışacam ki, yeni nailiyyət və titullarla “Neftçi”də tarix yazım”.
Təcrübəli oyunçu paytaxt klubu ilə Azərbaycan çempionu olmaq, kuboklar qazanmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiyini söyləyib: “İlk növbədə yeni komandamda çox yaxşı çıxış etmək niyyətindəyəm. Milli komandaya lazım olsam, böyük məmnuniyyətlə yığmanı təmsil edəcəm”.
O, “Neftçi”yə keçidinin irəliyə addım olduğunu vurğulayıb: “Bu, təcrübə, yeni sınaqdır. Ona görə də, təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacam. Əslində universal futbolçuyam. Həm hücumda, həm də müdafiədə oynaya bilirəm. Son vaxtlar arxa xətdə çıxış etdiyimi nəzərə alsaq, bu mövqedə daha yaxşı olduğumu demək olar. Bununla belə, irəlidə də yaxşı təsir bağışlayıram. Məşqçi hansı mövqedə desə, orada da çıxış edib komandama xeyir verməyə çalışacam”.
Əliyevin sözlərinə görə, komanda yoldaşlarından yalnız Emin Mahmudovla tanışlığı var: “Onunla əlaqə saxlayırıq. Son vaxtlar çox ünsiyyətdə olmuşuq. Çox yaxşı futbolçu, komandanın kapitanıdır. İnanıram ki, birlikdə yaxşı işlər görüb uğurlu nəticələr qazanacağıq”.
Futbolçu sonda azarkeşlərə müraciət edib: “Yüz faiz əmin olsunlar ki, əlimdən gələnin ən yaxşısını edəcəm. Klubun ağ-qara rənglərinə sadiq qalacaq, fanatlarımızı maksimum dərəcədə sevindirəcəm. Ümidvaram ki, məni isti və sevgi ilə qəbul edəcəklər”.
Bizi Facebook-da izləyin