“Azərbaycan millisindən belə oyun gözləyirdik”
Futbol üzrə Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Dünya çempionatına hazırlaşdığımızdan hər görüş bizim üçün önəmlidir. Bu gün yaxşı nəticə qazandıq. Kimisə xüsusi fərqləndirmək istəməzdim. Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Azərbaycan millisindən belə oyun gözləyirdik. Bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. Matçın nəticəsini ədalətli hesab edirəm”.
46 yaşlı baş məşqçi matçın sonlarında futbolçular arasında baş vermiş insidentə də toxunub:
“Futbolda belə hallar olur. Oyunçular top uğrunda mübarizə aparır və bu halların baş verməsi normaldır. Onlar peşəkar futbolçulardır və hər oyuna motivasiya olunurlar. Hər matçda qalib gəlmək istəyirlər”.
İspaniyalı mütəxəssis bildirib ki, bu görüşlə əvvəlki qarşılaşma arasında ciddi fərq olmadı:
“Oxşar oyun idi. Hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Bu gün açıq oyun getdi. Rəqib hücumameylli futbol sərgiləyib qələbə qazanmaq istəyirdi. Baxımlı oyun alındı”.
Sançes sonda komandasının seçmə mərhələdəki müsabiqədənkənar çıxışını da dəyərləndirib:
“Bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu”.
Bizi Facebook-da izləyin