“Hədəfim “Neftçi” ilə çempion olmaqdır”
“Neftçi”nin futbolçusu Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə danışıb.
Komanda.az xəbər verir ki, o, klub telekanalına müsahibəsində bunları söyləyib:
“Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim. Çünki “Neftçi”yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi. Komandaya gələndən bəri 2 qol vurmağım da bir qədər gözlənilməz oldu. Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm. Azərbaycanda yaşadığım, “Neftçi” kimi klubda oynadığım, bu cür komanda yoldaşlarım olduğu üçün özümü xoşbəxt hiss edirəm. Hər şey qaydasındadır. Əlimdən gələni etməyə çalışacağam ki, “Neftçi”nin ötən mövsüm qazandığı uğuru təkrarlayaq. Düşünürəm ki, doğru yoldayıq”.
Təcrübəli forvardın sözlərinə görə, yeni komandasında fərdi hədəfləri yoxdur: “Bütün məqsədim komanda ilə bağlıdır. Ən böyük hədəfim bu mövsüm “Neftçi” ilə çempion olmaqdır. Bura gəlməzdən öncə klub barədə məlumat toplamağa çalışdım. Bilirəm ki, bu klubda böyük uğurlar qazanmış, “Neftçi”nin tarixinə düşmüş braziliyalı futbolçular olub. Həm klubun, həm də azarkeşlərin mənə olan etimadını doğrultmaq, özümdən öncəki həmyerlilərimin uğurlarını təkrarlamaq üçün əlimdən gələni edəcəyəm”.
Maçado “Neftçi”də daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: “Burada çox xoşbəxtəm, amma bundan da xoşbəxt olacağımı gözləyirəm. İki qol vurduğum üçün şadam. Lakin bilirəm ki, daha çox şey edə bilərəm. Bizi qarşıda çox oyun gözləyir. Çalışacağam, bacardığım qədər qollar vurum və “Neftçi” ilə çempionluq yaşayım”.
Bizi Facebook-da izləyin