Avropa çempionatı: Azərbaycanın 2 idmançısı yarımfinalda
Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsi başa çatıb.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü döyüşünü qələbə ilə başa vuraraq yarımfinala vəsiqə qazanıb.
Azərbaycan boksçularından Nicat Hüseynov (51 kq) şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gəlib. Görüş Hüseynovun 5:0 (30:27, 30:25, 30:26, 30:24, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.
Millinin digər üzvü Kamil Babayev (54 kq) də növbəti cəhdini qalib kimi başa vurub. O, belaruslu Vladislav Smalovskini 3:2 (28:29, 29:28, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edərək, həm yarımfinala vəsiqə qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.
Azərbaycan millisinin heyətində Tural Sarıyev (48 kq) Nikita Poluxinə (Rusiya), Fətəli İsmayılov (86 kq) Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) Manuçar Krihelə (İsrail) uduzduğundan, yarışla 1/4 finalda vidalaşıblar.
Yarımfinal görüşləri bu gün keçiriləcək.
Bizi Facebook-da izləyin