Əliyev ermənidən üstün oldu, Mustafayev Safaryanı gözləyir
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyandan üstün olub. 28 yaşlı güləşçi Əliyev ilk hissədə rəqibini xalçadan çölə çıxararaq, bir xal qazanıb. Daha sonra Ermənistan idmançısının qolundan zədə almasına görə görüş bir az yubanıb. Əliyev üstünlüyünü ikinci hissədə də qoruyaraq, adını 1/4 finala yazdırıb.
Əliyevin 1/4 finalda rəqibi Vladimir Xinçeqaşvili (Gürcüstan) – Naçin Kuular (Rusiya) cütünün qalibi olacaq.
Bu gün daha bir azərbaycanlı güləşçi – Ağahüseyn Mustafayev (70 kq) Ermənistan təmsilçisi ilə üz-üzə gələcək. O, 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla görüşəcək.
Avropa çempionatına aprelin 14-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin