“Sən də inandın güllənin məni öldürə biləcəyinə?” deyəcəyini gözləyirəm…” – “Qəbələ”nin kapitanı

“Qəbələ” klubunun kapitanı Asif Məmmədov Vətən Müharibəsində şəhid olmuş Müşfiq Abbasov haqda öz sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, Məmmədov, paylaşımında bunları qeyd edib:

“Əslində bir neçə dəfə Müşfiq haqda yazmaq istəmişəm, amma hər dəfə düz olub-olmadığını düşünə-düşünə yazmaq vaxtını ötürmüşəm.

İndi isə şəhidliyindən düz bir il sonra yazmalıyam. Sənin aramızda olmadığına inanmaq nə qədər çətin olsa da… Çünki sənin igidliyinə güvənib ətrafına yığışanda da sənin gülləyə tuş gələ biləcəyinə inanmazdıq. Mənə “gəl şəkil çəkdirək, buralarda kimin başına nə gələcəyini bilmək olmaz” deyəndə də, “təcili Vətən üçün ölmək lazımdır” səsli mesajına qulaq asanda da inanmamışdım, öz-özümə “yəqin zarafat eləyir” deyə, düşünmüşdüm. Hətta son dəfə posta qalxanda dediyin sözlər indi də qulağımdadır. “Posta qalxmaq bizim üçün, qalxmamaq ordakılar üçün təhlükəlidir” deyib, özün üçün təhlükəli olanı seçməyi, vurulmaq ehtimalının 50 faizdən də çox olmasına baxmayaraq, Vətən üçün hər şeyi gözə almağı öyrəndim o gecə səndən! Posta qalxandan heç yarım saat keçməmiş o əzəmətli cansız bədənini atışmanın altından çıxaranda da inanmırdım belə qəhrəmanın vurulduğuna…

Yenə inanmıram! Hər dəfə məzarını ziyarətə gələndə də, indi ayağa qalxacağını, gülə-gülə “sən də inandın güllənin məni öldürə biləcəyinə?” deyəcəyini gözləyirəm… İnanmadım, Müşfiq! Yenə inanmıram, çünki sən ölmədin! Sən həmişə yaşayacaqsan!”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button