“Kazbek”ə “şey” basanlar

Kürşad

AFFA-nın baş katibi Elxan Məmmədov “Real” TV-yə müsahibə verib. Başını itirən futbolun baş katibi deyib ki, AÇ-2020-yə vəsiqə qazanmaq əsas məqsədimizdir, amma UEFA Millətlər Liqasındakı uğursuzluq bizi hədəfimizdən xeyli uzaqlaşdırdı.

Məmmədovun Millətlər Liqasını yada salması, ordakı uğursuzluğu həmin vaxt millinin baş məşqçisi olan Qurban Qurbanovun çiyinlərinə yükləmək arzu və həvəsindən başqa bir şey deyil. Xub, ortada uğursuzluq varsa, günahı ilk növbədə baş məşqçidə axtarırlar. Qurban Qurbanovun ən böyük günahı isə Elxan Məmmədovla, indiki baş məşqçi Nikola Yurçeviçin “oyunun sürəti ilə ayaqlaşa bilmirlər” dediyi futbolçularla işləməyə razılıq verməsi idi. Yəqin ki, Qurbanov karyerasının ən böyük səhvini anlayıb, ola bilsin, çox peşmandır. Keçənə güzəşt deyərlər.

Amma Məmmədovun başa düşmədiyi, ya da başa düşmək istəmədiyi bir şey var. O şey son günlərdə gündəm olan “kazbek”in içinə basıb zırranmalı olduğumuz “şey” deyil. O şey o şeydir ki, baş katib bu ölkənin futbolçu potensialını bilmir, dərk etmir, başa düşmür.

Qağa, sənin Avropada oynayan futbolçun varmı? Bir dənə Ramil Şeydayevin var, o da Avropada böyük çempionatlardan sayılmayan Rusiya Premyer Liqasında ortabab bir komandada forma geyinir. Ancaq UEFA Millətlər Liqasında Azərbaycan millisini tozunda qoyan Kosovonun neçə futbolçusu Avropa klublarında çıxış edir, bilirsənmi, ayə?

Deyirsən ki, məqsədimiz AÇ-2020-yə düşməkdir və baş məşqçi Nikola Yurçeviç də bunu bilir. Ay başından başqa hər yeri işləyən futbolun baş katibi, Yurçeviç bir neçə gün əvvəl “Azərbaycan radiosu”na açıqlama verib, deyib ki, azərbaycanlı futbolçular oyunun sürəti ilə ayaqlaşa bilmirlər. Bunun nə demək olduğunu bilersənmi, ağrın alem? Elə təsəvvür elə ki, sən ən son model “Mercedes” sürürsən, Ramin Musayev də “Zaparoji”. “Zapı” sürən Musayev sənin sürətinlə ayaqlaşa bilərmi?

Hansı dünyada yaşayırsan, cənab baş katib? Nə yeyirsən, nə içirsən axı sən? Sənin milli komandaya baş məşqçi qoyduğun adam öz diliylə deyir ki, azərbaycanlı futbolçular “zapı”dır, BMV ilə, “Mercedes”lə, “Porşe” ilə ayaqlaşa bilmirlər, bilməzlər.

Deyəsən, bunlar doğrudan da “kazbek”ə “şey” basıb…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button