Azərbaycan gimnastları AÇ-də 3 medal qazandılar
Rusiyanın Soçi şəhərində 29 aprel-2 may tarixlərində baş tutmuş batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
Komanda.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk medalını gənclər arasında yarışan tamblinqçilərimiz qazanıb.
Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət Azərbaycan komandası fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Növbəti medal son Dünya Yaş Qrupları Yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar dünya üzrə nəticələrini təkrarlayaraq qitə birinciliyində də gümüş medala sahibləniblər.
Qeyd edək ki, bu yarışda 13-17 yaşlılar arasında çıxış etmiş 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yerlərini alıblar.
Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri iri miqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən Mixail, gərgin mübarizə şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.
Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində Selcan 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası üçün ilklərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı bürüncü, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir.
Bizi Facebook-da izləyin