“İki seçimim vardı, ya futbol, ya ordu” – Ruslan Qurbanov
“Zirə”nin futbolçusu Ruslan Qurbanov Rusiyanın “sports.ru” saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, futbolçu, karyerası ilə bağlı danışıb:
“Ailəm ləzgidir, amma mən Stavropolda doğulub, böyümüşəm. 14 yaşıma qədər yerli “Dinamo” klubunda oynamışam, daha sonra “Rostov”un əvəzedici heyətinə getdim. Pulun dadını hiss edəndə, nizam-intizamla bağlı problemlər başladı və məni “Taqanroq”a göndərdilər. Nizam-intizam problemi orda da davam etdi. Nəticə olaraq 16-18 yaşda çox az oynadım.
Daha sonra “Nefçi”yə keçdim. Rasim Abuşev yanıma gəldi və məni Bakıya yoxlanışa dəvət etdi. İki seçimim vardı, ya futbol, ya ordu. 13 saat maşınla getdik. Bakını görəndə, bu şəhərə vuruldum. Tibbi yoxlanışdan sonra klubla 5 illik müqavilə imzaladım. O gündən bəri Azərbaycandayam.
Azərbaycanda həyat sakitdir. Karyeramı bitirdikdən sonra da ailəmlə Bakıda yaşamağı düşünürəm”.
Qurbanov, Qarabağda qələbə barədə də danışıb:
“Xəbəri gecə atəşfəşanlığın səsinə oyananda öyrəndim. Pəncərəni açıb aşağı baxdım, maşının yanında rəqs edən 25 nəfər vardı. Televizoru açanda prezidentin qələbəni elan etdiyini gördüm. Şəhər o gün yatmadı. Komendant saatına baxmadan insanlar şənliklər təşkil etdi. Hər kəs bayraqla idi, 30 ildir xəyal etdikləri anı qeyd edirdilər. Hamısından daha vacibi odur ki, nəhayət sülh oldu, insanlar evlərinə qayıda biləcəklər. Cəbhəyə gedən könüllülər çox idi. Bunların arasında MMA döyüşçüləri, futbolçular da oldu. Xalq əsgərlərə çox kömək etdi, hərbi maşınları dayandırıb onlara su, qida və siqaret verirdilər”.
Bizi Facebook-da izləyin