“Latsio” cəzalana bilər – Koronavirusla bağlı qaydaları pozduğuna görə
İtaliya Futbol Federasiyası “Latsio” ilə bağlı araşdırmaya başlayıb.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi koronavirusla bağlı tətbiq olunan qaydalara əməl etməməkdə ittiham olunur.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Artıq məsələ ilə əlaqədar klub prezidenti Klaudio Lotito və İvo Pulçini ifadə verib. Bundan başqa komandanın oktyabrın 28-də “Brügge” ilə Çempionlar Liqası, noyabrın 1-də “Torino” ilə A Seriyası çərçivəsində keçirdiyi oyunlardan öncə verilmiş koronavirus testlərinin nəticəsi incələnib.
İtaliya mətbuatının iddiasına görə, “Brügge” ilə matçda oynamayan Çiro İmmobile, Lukas Leyva və Tomas Strakoşanın “Torino” ilə görüşdə iştirak etməsi ilkin şübhələr yaradıb. Onların yenə ÇL çərçivəsində noyabrın 4-də keçiriləcək “Zenit”lə oyun üçün Rusiyaya aparılmaması isə bu şübhələri daha da artırıb. Bu üç futbolçunun ÇL oyunlarından kənarda saxlanılıb, çempionat matçında meydana buraxılması araşdırmanın əsas mövzusu olduğu bildirilir.
Bizi Facebook-da izləyin