Masazıra sığınan “Sabah”, “Qəbələ”dən küsənlər, Bakının boş stadionları – Yazı+Fotolar

8 komandanın mübarizə apardığı Azərbaycan Premyer Liqasında oyunlara azarkeş marağı çox azdır. Bunu qarşılaşmalara gələn azarkeşlərin sayına nəzər salsaq, rahatlıqla görmək mümkündür.

Premyer Liqada oyununa ən çox azarkeş gələn “Qarabağ”dır. Hazırda lider olan “köhlən atlar”ın ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda ortalama 1660 azarkeş canlı izləyir. Bu fanatların əksər hissəsi “İmarət tayfa” azarkeş qrupuna, bir qismi “Qarabağ ordu”ya aiddir. Az sayı isə hansısa bir fanat qrupunda olmayan azarkeşlər təşkil edir. “Qarabağ” Premyer Liqada bu mövsüm 10 dəfə rəqiblərini doğma meydanda qəbul edib və bu görüşlərin 6-da qələbə qazanıb, 4-də isə heç-heçə edib.

“Sabah”ın ev oyunlarında isə ortalama azarkeş sayı 1327-dir. Masazırda yerləşən “Bank Respublika Arena”da rəqiblərini qəbul edən “Sabah”, yeni yaranmış komanda olduğu üçün xüsusi azarkeş qrupu yoxdur. Komandanın ev oyunlarını izləyən yerli azarkeşlərin çoxu Masazırdan olan futbol həvəskarlarıdır. “Bank Respublika Arena”nın tutumu 13 mindir. “Sabah” bu mövsüm doğma meydanda ən az oyun keçirən komandadır. 9 dəfə rəqiblərini “Bank Respublika Arena”da qonaq edən “Sabah”, bu matçlarda 2 dəfə qələbə qazanıb, 5 dəfə də uduzub.

Premyer Liqada turnir cədvəlinin 2-ci sırasında yer alan “Neftçi”nin ev oyunlarına ortalama 1272 azarkeş təşrif buyurur. Ev oyunlarını 8-ci km stadionunda keçirən “ağ-qaralar”ı matçlarda “Forza Neftçi” və “Neftçimaniya” azarkeş qrupu dəstəkləyir. Azarkeşlərin digər qismi isə sadə futbol həvəskarlarıdır. Bu mövsüm doğma meydanda ən çox oyun keçirən “Neftçi”, həm də öz meydanında ən çox toplayan komandadır. Paytaxt klubu keçirdiyi 11 matçda 6 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.

Azərbaycan Premyer Liqasının 3-cü sırasında yer tutan “Keşlə”nin ev matçlarına isə ortalama 840 azarkeş gəlir. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda turnir cədvəlində olduğu kimi, ev oyunlarında qazandığı xallara görə də 3-cü sıradadır. “Ask Arena”nın təmirdə olduğu vaxtlarda ev oyunlarını “ASCO Arena”da keçirən “Keşlə”, ümumilikdə ev sahibi kimi iştirak etdiyi 10 oyunda 5 qələbə qazanıb, 4 dəfə də uduzub.

Azərbaycan Premyer Liqasında 4-cü yerin sahibi “Sumqayıt”ın ev oyunlarında ortalama 1150 azarkeş doğma komandasını dəstəkləyir. “Sumqayıt” Sumqayıtda keçirdiyi 10 oyunda 3 dəfə qələbə qazanıb, 4 dəfə də uduzub.

Azərbaycan Premyer Liqasında 5-ci yerdə qərarlaşan “Zirə”nin ev oyunlarına ortalama 740 azarkeş gəlir. “Qartallar”ın doğma meydanı olan Zirə İdman Kompleksinin tutumu 1512 nəfərdir. “Zirə” ev sahibi kimi çıxdığı 10 matçda 4 qələbə qazanıb, 3 dəfə də məğlubiyyət yaşayıb.

Premyer Liqada 7-ci sırada qərarlaşan “Səbail” də “azarkeş” deyib, fəryad qoparan komandalardandır. Ev oyunlarını “ASCO Arena”da keçirən bakılıların matçlarına ortalama 675 azarkeş gəlir. Arenanın tutumu isə 3200 nəfərdir. “Səbail” “ASCO Arena”da keçirdiyi 10 ev matçında 2 qələbə qazanıb, 5 dəfə də meydanı məğlubiyyətlə tərk edib.

Azərbaycan Premyer Liqasında sonuncu sırada yer alan “Qəbələ”nin ev oyunlarını isə ortalama 403 azarkeş izləyib. Qəbələ şəhər stadionunun tutumunun 4500 nəfər olduğunu nəzərə alsaq, 403 azarkeşin ev oyunlarına gəlməsi qənaətbəxş deyil. Bölgə klubu olan “Qəbələ”nin ən böyük azarkeş qrupu isə “Red Black Army”dir. “Qəbələ” doğma meydanda keçirdiyi 10 oyunda 3 dəfə qələbə qazanıb, 6 matçda isə uduzub.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button