6 ayda 37 medal

Boks üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları son 6 ayda 37 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, yığmalar bu mükafatları qatıldıqları 7 beynəlxalq yarışda əldə ediblər.

Onlardan 15-nin əyarı qızıl, 11-i gümüş və 11-i bürüncdür.

Boksçular 37 medaldan 11-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandaların üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışların hər birində qızıl mükafat qazanmaqla Azərbaycan himnini səsləndirib. Yığmanın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq) və məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.

Komandalar göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa birinciliyi) olub.

İdmançılar Avropa birinciliklərində 3 qızıl medalla yanaşı, 2 gümüş və 6 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçu da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub.

Ayrı-ayrı yığmalara gəlincə, son 6 ayda yeniyetmə idmançılar daha çox medal qazanıblar. Komanda 3 beynəlxalq turnirdən 16 medalla qayıdıb. Onlardan 12-si oğlanların, 4-ü qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları də buraya əlavə etsək, mükafat sayı 21-ə bərabərdir. Medallardan 8-si qızıl, 8-i gümüş və 5-i bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.

Gənc boksçuların hesabında isə 12 medal var. Həmin mükafatlar 2 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 10 (5-2-3) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.

U-22-lərin Avropa çempionatında yığma 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button