“Mənim Əzimovdan başqa namizədim yox idi” – “Dinamo-Avto”nun idman direktoru

Ötən gün azərbaycanlı məşqçi Novruz Əzimov Moldovanın “Dinamo-Avto” komandasına baş məşqçi təyin olunub.

Komanda.az həm Novruzovun təyinatı, həm də başqa məsələlərlə bağlı “Dinamo-Avto”nun idman direktoru, “Pelikan” futbol agentliyinin rəhbəri Rəsul Allahverdiyevi danışdırıb:

Rəsul bəy, Novruz Əzimov “Dinamo-Avto”nun baş məşqçisi təyin olundu. Yəqin Əzimovla danışıqlar uzun sürməyib.

– Bəli, baş məşqçi təyin olunub, amma, danışıqlar uzun sürdü. Novruz müəllim ilk təklifimizdən bu məsələyə pozitiv yanaşdı. Çünki uzun müddətdir bir-birimizi tanıyırıq, o bizə güvənir, biz də ona güvənirik. Bizim layihəmizin spesifik nöqtələri var, bütün məsələləri müzakirə etmişik. Novruz müəllim bizim layihəmizə nə qədər faydalı ola bilər, onu götür-qoy etmək istədi. Biz də onunla işbirliyinin perspektivləri ilə bağlı düşündük, amma sonda bütün nöqtələrdə razılığa gəldik. Mən çox şadam ki, həm belə gözəl insanla, həm də gözəl mütəxəssislə işə başlamışıq.

– Əzimovdan başqa namizədləriniz var idi?

– Mənim Əzimovdan başqa namizədim yox idi. Əlbəttə, bu günə qədər baş məşqçi postu açıq olduğu üçün onlarla mütəxəssis təklif olunub, onların hər birinə baxmışıq. Amma biz son qərarda, işləyə biləcəyimiz o qarşılıqlı anlaşmanı tuta biləcəyimiz məşqçi ilə razılığa gəldik.

Sizcə, Novruz Əzimov “Dinamo-Avto”ya uğur qazandıra biləcək?

– Əlbəttə, çox inanıram buna. Birincisi, onun xarakterinə bələdəm. İkincisi, onun futbol bilgisinə bələdəm. Üçüncüsü də, hesab edirəm ki, disiplini və intizamı sevən bir məşqçi ilə işləyəcəyik. Hazırda bu, bizim komandanın gənc heyəti üçün vacib amildir. Əzimov bizə və komandaya yeni ab-hava gətirəcək. Gələcəkdəki oyunlarda yaxşı nəticə qazanacağımıza inanıram. Bizim builki planımız bu liqada təcrübə toplamaqdır. Yəni bizimlə bağlı bəzi spekuliasiyalar var idi, böyük hədəflər, avrokuboklar, çempionluq üçün iddialı olduğumuz yazılırdı. Bu da bizim Türkiyədə hazırlıq zamanı keçirdiyimiz oyunlarda qeydə alınan nəticələrlə bağlı idi. Lakin heç vaxt belə iddialarla çıxış etməmişik. Təbii ki, meydana uduzmaq üçün çıxan bir komanda deyilik, hər oyunda mübarizə aparırıq, yaxşı nəticələr qazanıb, avrokuboklara və ya başqa yerlərə iddia etmək şansımız olarsa, bu mərhələdən sonra ona da sevinərik.

Ümumiyyətlə, baş məşqçinin qarşısına hansı tələblər qoyulub?

– Mübariz bir kollektiv yaratmaq, komandanı idman prinsipləri çərçivəsində, yüksək səviyyədə hazırlamaq. Bizim oyunçuların individual keyfiyyətini artımaq və digər klublar üçün çətin rəqib halına gətirmək. Baş məşqçimizin buna nail olacağına inanıram. Bu məqsədlər mövsüm sonuna qədər deyil, önümüzdəki mövsümdən sonra “Dinamo-Avto”nun böyük iddiaları olacaq. Avrokuboklar ola bilər. Biz bir bütünük. Novruz müəllimin qarşısında ayrı, bizim qarşımızda ayrı tələblər durmur. Biz tələbləri real situasiya ilə ölçürük, öz qarşımıza da eyni tələbləri qoyuruq. Bu tələblər istiqamətində həm rəhbərlik, həm də baş məşqçi ilə bir yerdə hərəkət edirik.

Novruz Əzimov

Klubunuzda maliyyə durumu necədir? Məsələn, maliyyə durumuna görə komandanızı Azərbaycanda hansı klubla müqayisə etmək olar?

– Klubun maliyyə durumu sabitdir. Azərbaycan klubları ilə müqayisə etmək istəməzdim, bu, uğursuz muqayisə olardı. Azərbaycan klublarının maddi idarə edilməsi fərqlidir, bizimki fərqlidir. Futbolçuların aldığı məvaciblər və potensialları ilə götürsək, liqanın ortasında yer alan klublarla eyni səviyyədıəyik. Amma bu, uğurlu müqayisə deyil. Məsələ futbolçuların aldığları məvacib və onlara ödənən vəsait deyil. Məsələ bizim əlimizdəki potensialdır, biz o potensialı düzgün bölməyə çalışırıq, daha çox gənclərlə işləyirik. Bu oyunçuların hamısı öz milli komandalarına namizəd oyunçulardır, bəziləri öz ölkələrindəki milli komandanın oyunçularıdır. Əksəriyyəti legionerdir və hətta deyərdim ki, ötən mövsüm bəlkə, “Şerif”dən sonra Moldova Futbol Federasiyasına legionerlərin qeydiyyatı ilə bağlı ən çox vəsait ödəyən klub “Dinamo-Avto”dur. Ona görə, maddi durumla bağlı bir sıxıntımız yoxdur. Amma bizim planlarımız, yenə də deyirəm, spesifikdir, ona görə də, mən Azərbaycan klublarının maddi idarəçiliyi istiqamətində bir çox şeylərlə razılaşmadığıma görə, müqayisə düzgün olmaz.

“Dinamo-Avto”ya Azərbaycandan futbolçular dəvət etmək planınız var?

– “Dinamo-Avto”nun hazırda “Pelikan” agentliyinin nəzdində olduğunu nəzərə alsaq, bizim də aktiv Türkiyə və Moldova kampımız var. Ukrayna kampımız müharibəyə görə fəaliyyətini müvəqqəti dayandırıb. Afrika ölkələrində böyük skaut zəncirimiz var. Bu səbəbdən, hazırda Azərbaycandan bura birbaşa oyunçu dəvət etmək məsələsi gündəmdə yoxdur. Gələcəkdə baş məşqçinin tələbləri istiqamətində bu məsələni yenidən müzakirə edə bilərik. “Dinamo-Avto” hazırda baş məşqçinin tələblərinə görə onun qarşısına 100-dən çox oyunçu təklif edəcək skautinq bazasına sahibdir. Bizim oyunçu baxımından heç vaxt problemimiz olmur.

Artıq Moldova futbolu ilə yaxından tanışsız. Azərbaycanla Moldova futbolu arasında fərq çoxdur? Bizdə olub Moldovada olmayan, ya da əksinə, onlarda olub bizdə olmayan nə var?

– Moldova futbolu bu mövsümdən etibarən çox dəyişib. Hazırda burada çempionatı iki “faza”ya bölüblər. Birinci hissədə ilk altılıq yer alır. İlk altılığa düşmək üçün 8 komanda iki dövrə mübarizə aparır. Mübarizənin nəticəsində ilk altılıqda olan komandaların ikinci “faza”da xalları silinir və onlar yenə iki dövrə oynayırlar – 0 xalla. Sadəcə fərq ondadır ki, birincilikdən sonunculuğa doğru klubların tutduqları yerə görə ev oyunlarının sayı səfər oyunlarından çox olur. Məsələn, 1-ci yeri tutan klub bütün oyunları evdə oynayır. Altıncı yeri tutan komanda isə bütün oyunları səfərdə oynayır. Hazırda ilk altılıq uğrunda gərgin mübarizə gedir. Liqanın səviyyəsi ötən mövsümə görə çox dəyişib. Ötən mövsüm bu liqada futbola zidd bəzi hadisələr yaşandı. Bizim klubumuz da bu hadisələrdən təsirlənən, zərbə alan klublardan biridir. Bu səbəbdən, çempionata -6 xalla başlamışıq, ötən mövsümdə olan rəhbərliyin və oyunçuların buraxdığı boşluqlara görə, oyunçuların etdikləri qanunsuzluqlar səbəbindən. Lakin bu bir növ dərs oldu. Hazırda klublar sırf futbolla bağlı mübarizə aparırlar. İndi Moldova çempionatının səviyyəsi ötən illərə nisbətən xeyli yüksəlib. Azərbaycandan fərqi isə dekorativliklə bağlıdır. Azərbaycanda hazırda VAR sistemi var. Oyunlar yayımlanır, daha yüksək səviyyəli arenalarda keçirilir. Burada standartlar bir qədər aşağıdır. Amma təmiz futbol mübarizəsi var, ən başlıcası, azarkeş var. Tiraspolun ikinci klubu olmağımıza baxmayaraq, oyunlarımıza azarkeşlər toplaşırlar.

Moldova klubunda söz sahiblərindən birisiz. Azərbaycandan, xüsusilə də, AFFA-dan sizinlə maraqlanan olurmu?

– Mən o “kitab”ı bağlamışam. Azərbaycandan, nə AFFA-dan, nə də klublardan heç bir təklif gözləmirəm. Bunu mən daha öncə də söyləmişəm. Onların hamısına uğurlar arzu edirəm. Mənim yolum başqadır, beynəlxalq futbol mütəxəssisi kimi fəaliyyətimi davam etdirirəm, ciddi bir agentliyə rəhbərlik edirəm. O agentliyin nəzdində artıq peşəkar bir futbol klubu var, bundan sonra başqa klublar da ola bilər. Azərbaycan mənim sadəcə vətənimdir.
İstəyirəm ki, Azərbaycanda da futbol adına uğurlar qazanılsın, nəticələr yaxşı olsun, çempionatın, milli komandanın səviyyəsi yüksəlsin və ən başlıcası, azarkeşlər tribunalara qayıtsın.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button