Əfran İsmayılov: “Keşlə”yə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”

“Səbail”in yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, o, Premyer Liqanın 13-cü turunda səfərdə qarşılaşacaqları “Keşlə” ilə oyun barədə fikirlərini açıqlayıb.

  • Sonuncu dəfə Premyer Liqanın 8-ci turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanmısınız. Sizcə, növbəti oyunda məğlubiyyət seriyası qırılacaq?
  • Növbəti oyunda uğursuz seriyaya son qoymağa çalışacağıq. “Keşlə” xal baxımından bizə yaxın olan rəqibdir. Bu oyunda xal qazanmalıyıq. Əks təqdirdə, digər komandalarla aramızdakı xal fərqi çoxalacaq. Maksimumu etməyə çalışacağıq.
  • “Keşlə” ilə oyundan gözləntiləriniz nələrdir?
  • Sabahkı oyun barədə ancaq qələbə haqda fikirləşirik. İddialı komandaya qarşı oynayacağımızı bilsək də, üç xalı qazanmalıyıq. Baxmayaraq ki, səfərdə oynayacağıq, qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
  • “Səbail”in əsas üzvlərindən birisən. Müşahidələrinə əsasən, komandada oyunöncəsi əhval-ruhiyyə necədir?
  • Çətinliklərimizin və başqa klublara baxanda geridə olmağımızın fərqindəyik. Buna baxmayaraq, komandada əhval-ruhiyyə yaxşıdır. Uzun müddətdir bir-birimizi tanıyırıq, gənc futbolçular və legionerlər də komandanın ümumi ab-havasına uyğunlaşıblar. Burada baş məşqçi amilinin də xüsusi rolu var. Çalışırıq hər şey yaxşı olsun və bunu növbəti oyunumuzda da əks etdirə bilək.
  • Peşəkar futbolçu kimi hazırda “Səbail”in heyətindəki gənc futbolçulardan kimi daha perspektivli görürsünüz?
  • Hazırda heyətimizdə gənc futbolçular çoxdur. Hamısı da bir-birindən istedadlıdır. Mən xüsusilə, Elmir Tağıyevı vurğulamaq istəyirəm. Gələcəkdə uğurlu olacağına inanıram.