“Azərbaycan futbolu bu iki şeyin – həm taktiki, həm də “vur-qır” oyununun qarışığıdır” – Müsahibə

“Sabah” bir müddət əvvəl Türkiyənin “Girəsunspor” klubundan Ozan Can Kökçünü transfer etdi. Karyerası ərzində Hollandiyada “Qroningen”, “Feyenoord”, “Valveyk”, Türkiyədə “Bursaspor” kimi komandalarda çıxış edən Ozan, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvüdür.

Hollandiya futbol məktəbinin yetirməsi olan Ozanın “Feyenoord” karyerasının tez bitməsi, “Bursaspor”dakı uğursuzluğu, sonda isə “Sabah”a transfer olunması ilə bağlı söhbət edik:

– Futbolçu karyerana Hollandiyada başlamısan. Əvvəlcə bu haqda danışardın.

– 8 yaşıma qədər Hollandiyada yaşadığım şəhərin komandasında oynadım. Daha sonra “Stromvoqels” deyə klub var idi, həmin komandanın U-12-də bir mövsüm oynadıqdan sonra “Qroningen”in skautları məni bəyəndi və komandaya dəvət etdi. Hardasa 5 il bu komandada forma geyindim. “Qroningen”in yetirməsi oldum. Qardaşım Orkun da mənimlə bir yerdə idi. Ancaq o, daha tez – məndən 2 il əvvəl “Feyenoord”a keçdi. O vaxtlar “Feyenoord” məni də istəyirdi. Ancaq getmək üçün düzgün zaman olmadığını və “Qroningen”də qalmağın daha düzgün olacağını düşündüm. Beləliklə, 2 il sonra mən də “Feyenoord”a keçdim və orda oynadım. Ancaq sonrasında Hollandiyada qalmağı deyil, “Bursaspor”a keçməyi seçdim.

– “Feyenoord”a keçməyində qardaşın Orkun Kökçünün hansısa rolu olub?

– Rolu olub-olmadığını bilmirəm, onsuz da məni də tanıyırdılar, Orkunu alanda məni də istəyirdilər. Amma qərarım “Qroningen”də qalmaqdan yana oldu. Həmin dövrdə komandanın kapitanı idim.

– Bəs “Feyenoord” karyeran nə üçün tez bitdi?

– U-19 komandasında çıxış edərkən, artıq əsas komandaya yüksəlməli idim. Əslində 2+1 şərti ilə müqavilə imzalamalıydıq. Məni birbaşa 2-ci liqa təmsilçisi “Dortrext”ə icarəyə vermək istədilər. Ancaq “Dortrext” autsayder idi və liqadan düşə bilərdi. Ondan sonrası da 3-cü liqa idi. Orda bir növ həvəskar komandalar çıxış edirdi. Bu zaman başqa təkliflər vardı və dəyərləndirməyə qərar verdim. Hollandiyada qala bilərdim, lakin “Bursaspor”dan təklif gəlincə, ora getməyin mənim üçün yaxşı olacağını düşündüm. Çünki “Bursaspor” daim gənc futbolçulara şans verən komandadır. Orda daha yaxşı olub, özümü göstərib, daha yüksək klublarda çıxış etməyi düşünürdüm. Amma hadisələr istədiyim kimi olmadı, qismət deyilmiş.

– “Bursaspor”la yanaşı, səninlə daha hansı klublar maraqlanırdı?

– Hollandiyadan, Türkiyədən çox klub var idi. Başqa ölkələrdən də marağın olduğunu bilirdim. Oralarda çoxlu pullar qazana bilərdim. Məsələn, “Fənərbaxça” da məni istəyirdi. Ancaq mənim pulla işim yoxdur, heç vaxt da olmayıb. Gənclərə şans verilir deyə, “Bursaspor”a getdim. Buna nümunə kimi Enes Ünal, Ozan Tufanı göstərə bilərəm. Ancaq məndə olmadı, qismət deyilmiş. Yaşım azdır, çox çalışıb, daha yaxşı yerlərə gedə bilərəm.

– “Fənərbaxça”nın da maraqlanmasına baxmayaraq, sən “Bursaspor”u seçdin. Bir az qəribə seçimdir.

– “Bursaspor”da mənə “oynayacaqsan” dedilər. “Fənərbaxça”ya getsəydim, məni icarəyə göndərəcəkdilər. “Bursaspor”u seçdiyim üçün peşman deyiləm. Yaşadıqlarım hamısı mənə təcrübə qazandırdı.

– “Bursaspor” da səni icarəyə verdi. Bu klubda niyə möhkəmlənə bilmədin?

– “Bursaspor”a keçdiyim il komanda aşağı liqaya düşməməyə oynayırdı. Komanda daxilində sıxıntılı ab-hava var idi. Belə bir problemli vaxtda gənc oyunçulara şans vermədilər. Onları da başa düşürəm, gənc oyunçular üçün təzyiq altında oynamaq çətindir. Sonra Hollandiyada “Valveyk”ə gedib, 16 oyun oynadım. “Bursaspor”da psixoloji durumum pozulmuşdu.

– “Valveyk”dən qayıtdıqdan sonra hansı klublardan təklif almışdın və niyə “Girəsunspor”u seçdin?

– “Bursaspor”la 3 illik müqaviləm var idi. Getmək istəyirdim, ancaq sənədlərimi vermirdilər. Sonra məni “Girəsunspor”a göndərdilər. Yoxsa mənə qalsa, Hollandiya və Azərbaycana getmək planlarım var idi.

– Azərbaycanda hansı klublardan təklif var idi?

– İndi o klubların adını açıqlamaq mənə yaraşmaz, hazırda “Sabah”dayam və bunun üçün çox xoşbəxtəm.

– Türkiyədən ayrılıb, “Sabah”a gəlmək səbəbin nə idi?

– Kimsə səhv başa düşməsin, düşünürəm ki, Türkiyə mənlik deyil. Orda futboldan başqa şeylər də var. Mən öz adıma danışıram, digərlərinin nə düşündüyünü bilmirəm. Mənim üçün Türkiyədə oynamaq çətin idi, uyğunlaşa bilmədim.

– Məsələn, futboldan kənar nələr var idi?

– Çox şey var, bunları heç vaxt mənim ağzımdan eşitməzsiz.

– “Sabah”da səni cəlb edən nə oldu?

– Araşdırdım və klubun planları, məqsədləri məni cəlb etdi. “Sabah” Türkiyənin “Başakşəhər” klubu kimidir. Yenidirlər və gələcəyə doğru addım atmaq istəyirlər. Mən hələ 20 yaşındayam və inkişaf etməliyəm. Bunu “Sabah”da edə biləcəyimi düşündüm. Ölkə olaraq da Azərbaycanda özümü evdəki kimi hiss edirəm. İnsanları rahat və mehribandır.

– Özünü göstərmək istədiyini dedin. Türkiyənin 2-ci liqasından daha çox oyunçu Avropa klublarına gedir. Amma Azərbaycandan ölkə xaricinə çıxmaq çətindir.

– Bəli, bilirəm. Futbolu yaxşı oynadığım müddətdə hər şey ola bilər. İnanıram ki, Azərbaycan Premyer Liqası da gələcəkdə daha güclü olacaq.

– “Sabah”a gəlməzdən əvvəl Azərbaycan futbolu ilə maraqlanırdın?

– Premyer Liqanın oyunlarını bəzən, “Qarabağ”ın avrokubok matçlarını isə daim izləyirdim.

– Ümumi olaraq, Azərbaycan futbolu ilə bağlı düşüncələrin nədir?

– Azərbaycanda kifayət qədər bacarıqlı və istedadlı oyunçular var. Ancaq çempionat olaraq Premyer Liqaya kənardan maraq yoxdur. Ümid edirəm ki, gələcəkdə daha da yaxşılaşar, maraq çoxalar. Komanda sayı da artırılar.

– Səncə, hazırkı durumda Azərbaycana gəlmək düzgün seçimdirmi?

– Mən Türkiyədə rahat və xoşbəxt deyildim. Futbolçu belədir, xoşbəxt olmazsa, oyunlara 100 faizini verə bilməz. Mənim ağlımda Azərbaycan və Hollandiya var idi. Türkiyədən də çoxlu təkliflər var idi. Ancaq “Sabah”ın təklifini müsbət qarşıladım və bura gəldiyim üçün xoşbəxtəm.

– Həm Hollandiyada, həm də Türkiyədə futbolun içində olmusan, indi isə Azərbaycandasan. Burdakı futbolla o ölkələrdəki futbol arasında fərq nədir?

– Hollandiyada daha çox futbol oynanılır. Əsasən taktiki gedişlərə üstünlük verilir. Mənim kimi futbolçular üçün Hollandiyada oynamaq daha yaxşı, daha rahatdır. Ancaq Türkiyədə əsas olan mübarizədir. “Vur-qır” oyunu desək, daha düz olar. Düzdür, futbolçu hər çempionatda oynamağı bacarmalıdır, ancaq mənə daha çox Hollandiya futbolu uyğundur. Çünki orda məktəb keçmişəm. Azərbaycan futbolu bu iki şeyin – həm taktiki, həm də “vur-qır” oyununun qarışığıdır. Bu, çox gözəl bir şeydir.

– “Sabah”la ilk oyununda start heyətdə meydana çıxdın. Təəssüratların necədir?

– Pis deyildik, həm komandam, həm də mən yaxşı oynadıq. Özüm uzun müddət sonra daha çox meydanda qaldım. Pis deyildik, daha da yaxşı olacağıq.

– Baş məşqçi Elşad Əhmədov oyundan sonra səni zədələndiyin üçün məcburi əvəz etdiyini dedi. Hazırda durumun necədir?

– Ciddi bir şey deyildi, az ağrı var idi. Düşündüm ki, məndənsə, daha enerjisi olan futbolçunun meydanda olması komandaya fayda verəcək. Buna görə də, baş məşqçidən əvəzlənməyimi istədim.

– Bu mövsüm üçün hədəflərin nədir?

– “Sabah” klubu olaraq mövsümü daha yaxşı yerlərdə bitirmək. Özüm də futboldan zövq almaq istəyirəm. Son illərdə bunu bacarmıram. Özümü geri qazanmaq istəyirəm. Düşünürəm ki, məni izləyənlərə, sevənlərə, mənə inananlara özümü yaxşı tərəfdən göstərə bilərəm. Daha da inkişaf edə bilərəm, çünki yaşım çox gəncdir. Bunu burda edib, daha yüksəklərə çıxa bilərəm. “Sabah” klubu üçün faydalı olmaq istəyirəm.

– 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç səni yığmaya dəvət etməyib.

– Bu, məşqçinin qərarıdır. Hörmətlə yanaşmaq lazımdır.

– Milli komandada oynamaq üçün hazır olmadığını düşünürsən?

– Mən hər şeyə hazıram, Özümə güvənirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button