MS rəsmisindən yeni transferin ünvanına tərif

“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn müdafiəçi Serxio Qomesin transferini şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Serxionun yaxşı müdadiəçi olduğunu deyib:

“Serxionun son illərdəki inkişafı çox təsiredici olub. O, böyük potensiala malik yaxşı müdafiəçidir. Ötən mövsüm “Anderlext”in heyətində Belçika çempionatında və avrokuboklarda oynamaq təcrübəsi qazanıb. Əminik ki, o, həm müdafiədə, həm də hücumların formalaşdırılmasında komandamıza əlavə keyfiyyətlər qazandıracaq, Pep Qvardiolanın və bütün məşqçilər korpusunun rəhbərliyi altında oyununu inkişaf etdirib, təkmilləşdirməyə davam edəcək. Qomesin bizə qoşulmasına şadıq”.

“Mançester Siti” “Anderlext”dən 21 yaşlı ispaniyalını transfer etdiyini avqustun 16-da açıqlayıb.

Qomes ötən mövsüm “Anderlext”in heyətində 49 oyuna çıxıb, 7 qol vurub və 15 məhsuldar ötürmə verib.