Zorlanmış bir qızı sevmək

Kürşad

Deyirlər ki, Azərbaycan milli komandasını sevmək lazımdır;
Deyirlər ki, bu gün keçiriləcək Azərbaycan – Serbiya matçından əvvəl milliyə xeyir-dua vermək, dəstəkləmək lazımdır;
Deyirlər ki, bu milli komanda bizimdir, himnimizi oxuyur, bayrağımızın rənglərini daşıyır;
Deyirlər ki, milli komandanı lağ obyektinə çevirmək, gülmək olmaz;
Deyirlər ki, milli komandanın oyunlarını təhlil etmək lazımdır, daha nəticəni görüb tənqid etmək yox;
Deyirlər ki…
Əvvəl də deyirdilər.
Sonra yenə deyəcəklər…

Azərbaycanın böyük şairi Ramiz Rövşənin “Vətən” şeiri yadınızdadırmı? Gəlin, o gözəl şeirdə bir neçə sözü dəyişək və oxuyaq:

Səni sevmək çətindir, Azərbaycan millisi
Nə gündəsən ki,
Təpədən dırnağacan…
Günah içindəsən ki.

Bilirsən səni sevmək
bu saat nəyə bənzər?
Zorlanmış bir qızı sevməyə bənzər.

O sevgidən için-için
gizlicə yanar adam.
Amma açıb deməyə
qorxar, utanar adam.

Bu nə haldır düşmüsən,
bu necə gündür, Azərbaycan millisi?
Adam səni sevməyə indi utanır, Azərbaycan millisi.

Üstündə neft ləkəsi
kim yuyacaq bu ləkəni,
Milyonçular ölkəsi, dilənçilər komandası.

Neftlə getdi bərəkətin,
bərəkət qaçdı səndən.
Neftlə getdi bəkarətin,
borular keçdi səndən.

Bu qədər uduzsan da,
sevin hələ ki, sağsan,
Qara neftin qurtaranda
Bəlkə, qələbə qazanacaqsan, Azərbaycan millisi…

İçimizdə “Azərbaycan millisi” adlı bir yara, xərçəng xəstəliyi var. Və bizə deyirlər ki, sizi içdən-içə yeyib-bitirən, tükədən, öldürən bu “yara”nı sevin. İnsan hər keçən gün sağalacağına ümidini zərrə-zərrə, qram-qram itirdiyi yarasını necə sevə bilər? İnsan Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov, Rauf Əliyev kimi futboldan boş adamların hər dəfə duz basdığı “yara”sına necə sarıla bilər? Deyin də, necə?