“Zirə” və “Sabah” kubokun finalında əcnəbi hakim istəyir? – REAKSİYA

Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzulardan biri də hakim idarəçiliyidir. Bu, son günlərdə daha da aktuallaşıb. Ölkə çempionatının və kubokunun finişə doğru getdiyi bir dönəmdə hakimlərin idarəçiliyi, oyunlarda yol verdikləri səhvlər gündəmdən düşmür.

Mövsüm indi elə bir dönəmindədir ki, qazanılacaq və itiriləcək istənilən xal(lar) həyati əhəmiyyət daşıyır. Son günlərdə ən çox müzakirə olunan hakim qərarlarından biri ölkə çempionatının ötən turunda “Zirə” – “Neftçi” matçında (1:1) yaşandı. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da baş hakim İnqilab Məmmədovun “Neftçi”nin əleyhinə yanlış qərar verdiyini etiraf etdi. Ondan əvvəl isə ölkə kubokunun yarımfinal mərhələsinin matçında “Turan Tovuz” hakim səhvlərinə “üsyan etmişdi”.

Daha bir hakim qərarına görə qalmaqal elə yenə kubokda müşahidə olundu. Masazırda keçirilən “Sabah” – “Qarabağ” yarımfinalının cavab (2:1, ilk oyun 2:2) matçında qonaqların bir futbolçusu meydandan qovuldu, oyunun sonlarında isə penalti şübhəsi olan epizod yaşandı.

Bütün bunların fonunda, Azərbaycan kubokunun “Sabah” – “Zirə” final matçı üçün əcnəbi hakimlər dəvət olunması doğru seçim olmazmı? Finalda oynayacaq klubların bu məsələyə münasibətini öyrəndik.

“Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə:

“Bu təcrübədən başqa ölkələrdə də istifadə olunur. Hansı ki, zaman-zaman azərbaycanlı hakimlər də müəyyən yerli liqalara dəvət alırlar. Bu təcrübədən bizdə də istifadə edilməsinin əleyhinə olmadığımızı əvvələr də qeyd etmişik. Bu, həmin liqalarda və ya Azərbaycanda yerli hakimlərin zəif olmağı demək deyil. Sadəcə, mövsümün sonu yaxınlaşdıqca və kubok görüşlərini də hesablasaq, həm oyun sayı çoxalır, həm də mövsümün müəyyən hissəsində təzyiq yaranır. Xüsusilə, qrafikin sıx olduğu və mübarizənin daha da gərginləşdiyi vaxtlarda istifadə etmək olar”.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov:

“Bu məsələdə məsul qurum AFFA Hakimlər Komitəsidir. Komitənin istənilən seçiminə hörmətlə yanaşacağıq”.

Kubokun final matçı mayın 13-də keçiriləcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button