
Vaqif Sadıqov: “Sabah”ın haqqını vermək lazımdır”
Azərbaycan Premyer Liqası 2025/26 mövsümünün sonuna yaxınlaşmaqdadır. Uzun illərdir öyrəşdiyimiz mənzərədən – “Qarabağ”ın sona 10-12 tur qalmış çempionluğunu rəsmiləşdirməsindən cari mövsümdə əsər-əlamət yoxdur. UEFA Çempionlar Liqasındakı uğurlu mövsüm “köhlən atlar”a bir çox mənada təsirsiz ötüşmədi. Bundan yararlanan “Sabah” isə çempionluğunu rəsmiləşdirməyə çox yaxındır.
“Bayquşlar” əsas rəqibi olan “Qarabağ”ı bu mövsüm bütün göstəricilərdə üstələməyi bacardı. “Qarabağ” cari mövsümdə “Sabah”la qarşılaşdığı oyunların heç birində sevinən tərəf olmadı. Çempionatın bitiminə beş tur qalmış (“Qarabağ”ın ehtiyatda bir oyunu var) “Sabah” ikinci pillədə qərarlaşan Ağdam təmsilçisini 13 xal qabaqlayır.
Çempionluq mübarizəsi və kubokun “Sabah” – “Zirə” finalı ilə bağlı fikirlərini öyrənmək üçün AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla əlaqə saxladıq. Azərbaycan millisinin sabiq baş məşqçisi Komanda.az-a açıqlamasında “Sabah”ın haqqını vermək lazım olduğunu bildirdi:
“Sabah”ın haqqını vermək lazımdır. Çox ağır keçən mövsümdə özlərini ən yaxşı tərəfdən göstərdilər və demək olar ki, bir-iki tura çempionluğu rəsmiləşdirəcəklər. Komanda ölkə kubokunda finala yüksəlib və “qızıl dubl” əldə etməklə böyük bir ilkə imza atmağa çalışacaq. “Sabah” bu mövsüm çox inamlı, güclü və balanslı bir komanda kimi yadda qalacaq. Onlara UEFA Çempionlar Liqasında uğurlar arzulamaq istərdim”.
Həmsöhbətimiz cari mövsümdəki hakim idarəçiliyi ilə bağlı gedən söz-söhbətləri belə dəyərləndirdi:
“Ümumiyyətlə, ilk olaraq onu deyim ki, “Qarabağ”la “Sabah”ın oyunları böyük bir derbiyə çevrildi. Və deyərdim ki, cari mövsüm bu iki komandanın arasındakı mübarizə əsl futbol bayramına çevrilmişdi. Məhz bu iki komanda azarkeşləri nəhayət ki, stadionlara qaytara bilmişdi və bizə əsl futbol bayramı bəxş etdilər. Çempionatımız mövsümboyu çox rəqabətli və gərgin keçir. Belə olan halda isə, istər-istəməz, təkcə komandaların deyil, hakimlərin də hazırlığı çox önəmlidir. Ancaq hesab edirəm ki, zəif hakim idarəçiliyi var idi. Bunun da nəticəsində səhvlər qaçılmaz olurdu. Baxmayaraq ki, biz hər birimiz bu səhvlərin imkan qədər az olmasını istəyirik. Ancaq insan amili, insan faktoru olduğu yerdə səhvlər qaçılmazdır. Ən vacibi odur ki, onlar qərəzli olmasın və inanıram ki, bu, belədir.
Bizi bir neçə aydan sonra avrokubok mübarizəsi gözləyir. O yeri təmin edəcək hər bir komandaya uğurlar arzulayıram və layiqli çıxışlarına inanıram”.
Sadıqov, “hakim səhvlərini nəzərə alaraq, kubokun finalı əcnəbi referiyə tapşırılmalıdırmı” sualına belə cavab verdi:
“Yox, mən hesab edirəm ki, nə qədər ağır, nə qədər də çətin olsa, nə qədər səhvlər olsa da, ən vacibi odur ki, qərəz olmasın və olmayacaq. Hesab edirəm ki, öz hakimlərimizə və özümüzə güvənməliyik. İnanıram ki, hakimlərimiz kubokun finalını layiqli idarə edib, ədaləti tam şəkildə təmin edəcəklər. Düşünürəm ki, bizi finalda ədalətli bir oyun gözləyir, güclü olan qələbə qazansın. Nəzərə alsaq ki, bu oyundan çox şey asılıdır. İndidən demək olar ki, ya kubokdakı komanda, ya da 4-cü pillədə qərarlaşan komanda bizi avrokuboklarda təmsil edəcək. Ona görə də, hesab edirəm ki, oyunun əhəmiyyəti çox önəmlidir və burada hansısa əcnəbi hakimə güvənməyə ehtiyac yoxdur. Ona görə ki, bizim hakimlərimiz də var, hakimlik ənənələrimiz də”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



