Siyasət Əsgərov: “Bizim üçün son deyil”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov AFFA-nın saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, mütəxəssis dünya çempionatının seçmə mərhələsinin Şimali Makedoniyaya qarşı son matçında (3:1) yığma üzvlərinin çox yaxşı çıxış etdiklərini söyləyib:

“İstər bu mövsüm, istərsə də son bir ildə qızlar həqiqətən möhtəşəm işlər görürlər. Bu oyunda da qızlar çox gözəl çıxış etdilər və sonda gözəl qələbə qazandıq. Təəssüf ki, qrupda 12 xal toplasaq da, reqlamentə uyğun olaraq, növbəti mərhələyə adlaya bilmədik. Bu, bizi çox üzür. Lakin bizim üçün son deyil. Biz hər zaman irəli baxırıq. Bu mövsüm bizə çox dəyərli təcrübələr qazandırdı, həmçinin, komandaya yeni oyunçular qoşuldu. Bu da bizim üçün ən yaddaqalan məqamlardan biridir. Qarşıda Millətlər Liqasının püşkatması olacaq. Püşkatmadan sonra həmin oyunlara hazırlaşmağa başlayacağıq”.

Əsgərovun sözlərinə görə, futbolçular çətin və ağır oyun qrafikinə baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıblar:

“Baxmayaraq ki, qızlarımız çətin oyundan çıxmış və uzun yol gəlmişdilər, biz onları qarşılaşmaya qədər bərpa edib oyuna kökləyə bildik. Macarıstanla görüşün nəticəsi psixoloji baxımdan komandaya təsir etmişdi. Həmin oyunun sonunda bir xal qazana bilərdik, lakin təəssüf ki, bunu bacarmadıq. Bu da komandaya mənfi təsir göstərmişdi. Bu oyuna gəlincə, komanda yaxşı motivasiya olunmuşdu. İlk dəqiqələrdən hər nüansa nəzarət edirdik. Məşq prosesində üzərində işlədiyimiz plana uyğun hərəkət etdik və bunun nəticəsini də gördük. Təəssüf ki, müdafiə xəttində buraxdığımız səhvdən sonra qol buraxdıq. Buna baxmayaraq, komandanı təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button