Qvardiolanın Silva ilə bağlı arzusu

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın yarımmüdafiəçi Bernardo Silva ilə maraqlanmasına münasibət bildirib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, ispan məşqçi, Bernardonun komandada qalmasını istəyir:

“Oyunçularım üçün ən yaxşısını istəyirəm və Bernardonun qalmasını arzulayıram. Amma futbolçu getmək istəyirsə və klublar arasında anlaşma varsa, deməli, sağlam düşüncə var, reallıq budur. Silva mənim üçün vacib oyunçudur. Bernardo xüsusidir. Gələcəkdə nə olacağını bilmirəm. Bildiyimə görə, “Mançester Siti” ötən mövsüm də daxil olmaqla heç bir təklif almayıb. Bernardo hazırdır, o, bazar günü keçiriləcək oyun üçün məşq edir”.

27 yaşlı futbolçunun “zadəganlar”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Mançester Siti” avqustun 7-də Premyer Liqanın 1-ci turunda səfərdə “Vest Hem”lə qarşılaşacaq.