Əmirquliyev: “…qərarı o verəcək” – Müsahibə

Avropa Liqasının 1-ci təsnifat mərhələsində Rumıniyanın “Universitatya Krayova” klubuna məğlub olaraq, mübarizəni dayandıran “Səbail”in yeni mövsümdə uğursuz çıxış edəcəyi gözlənilirdi. Buna səbəb komandanın daxilində problemlərin yaranması, bəzi legionerlərin gedişi və büdcənin azaldılması göstərilirdi. Ancaq bunlara baxmayaraq, “Səbail” Premyer Liqaya uğurlu start verib – 2 oyun, 2 qələbə.

“Səbail”in hazırkı durumu, hədəfləri ilə bağlı komandanın kapitanı Rahid Əmirquliyevlə danışdıq:

  • Komandanın hazırkı durumu necədir?
  • Baxmayaraq ki, komandada bir az problemlər var, çempionat bizim üçün yaxşı başladı. İki oyuna 6 xal qazanmışıq. Komandada durum yaxşıdır.
  • Futbolçuların məvaciblərinin verilməsində problemlər və azalma varmı?
  • Gecikmələr var bir az. Ancaq söz veriblər ki, bu, müvəqqətidir. Azalma məsələsinə gəlincə, elə bir şey yoxdur.
  • Avropa Liqasında “Universitatya Krayova” klubuna məğlubiyyətdə əsas səbəb nə idi?
  • Avroliqada yaxşı, güclü komandaya qarşı oynadıq. Deməzdim ki, pis “performans” sərgilədik. Öz səhvlərimizə görə uduzduq. Belə rəqiblə iki oyunda 4 qol vursaq da, qapımızda 6 top gördük. İki oyuna 6 qol buraxıb, mərhələ keçmək çətin məsələdir.
  • Avropa Liqasının püşkatmasından sonra hamı rəqibin güclü olmasını qabardırdı. Belə bir fikir var idi ki, “Səbail” rəqibinə oynamamış uduzub…
  • Yenə deyirəm, potensial rəqiblərdən bizə ən güclüsü düşmüşdü. Amma biz özümüzə inanırdıq və mərhələ adlayacağımıza ümid edirdik.
  • Yeni mövsümdə də “Səbail”in uğursuz çıxış edəcəyi gözlənilirdi. Ancaq iki oyunda da qələbə qazandız.
  • Son vaxtlar çıxan söz-söhbətlərdən sonra komandada eniş baş verəcəyi gözlənilirdi. Lakin biz çempionata yaxşı başladıq. Baxmayaraq ki, bizdə legioner azdır. Yaxşı yerli futbolçularımız da var. “Sumqayıt”la oyun çətin keçdi. Biz əlimizə düşən imkanlardan yararlana bildik. “Sumqayıt” da qələbə qazana bilərdi, ancaq biz oyundan 3 xalla ayrıldıq.
  • Problemlər olmasına baxmayaraq, əvvəlcə “Zirə”, sonra da “Sumqayıt”la oyundakı qələbədə əsas amil nə idi?
  • Oyuna çıxanda bütün problemlər yaddan çıxır, ancaq oyunu düşünürük. Xüsusi motivasiya yoxdur, əsas odur ki, meydana girərkən, komandaya kömək etmək üçün əlindən gələni edəsən.
  • Baş məşqçi Aftandil Hacıyev “Sumqayıt”la oyundan sonra komandadan gedə biləcək futbolçuların olduğunu dedi. Sənə də hansısa təklif varmı və olsa, bunu necə dəyərləndirərsən?
  • Tək mənim yox, bir çox futbolçunun təklifi var idi. İki legioner komandadan ayrıldı. Amma digər futbolçular “Səbail”də qalmağı üstün tutdular. Yaxşı kollektivimiz var, bundan sonra da kiminsə gedəcəyinə inanmıram.
  • Maykl Essyen kimi yaxşı karyeralı futbolçunun bu şəraitdə “Səbail”də qalacağı nə qədər realdır? Bir müddət əvvəl verdiyi açıqlamada da Cənubi Afrika klublarına mümkün keçidini müsbət variant kimi qələmə vermişdi.
  • Essyenin necə futbolçu olduğunu hamı bilir. Onun “Səbail”də qalıb-qalmayacağını mən deyə bilmərəm. Ancaq qalmasını istərdim. Təcrübəli futbolçudur, onun komandaya çox köməyi dəyəcək.
  • “Səbail”in kapitanı olaraq, cari mövsümdə nələri hədəfləyirsiz?
  • Konkret hədəf olmasa da, istəyirik ki, keçənilki uğurumuzu təkrarlayaq. Maksimum xal qazanıb, Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq.
  • Növbəti turda “Qarabağ”la qarşılaşacaqsız..
  • “Qarabağ” çempionatın favoritidir. Bizi çempionluğa oynayan komanda ilə çətin oyun gözləyir. Favorit olsalar da, əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə əldə edək.
  • “Qarabağ”ın sizdən öncə “Linfild”lə oyunu var. Şimali İrlandiya təmsilçisi ilə görüşdən nə gözləyirsən?
  • “Qarabağ” ilk oyununda səfərdə uduzdu, bu matçı izləmişdim.
    Öz səhvlərindən qollar buraxdılar. Çoxlu imkanları da oldu, ancaq istifadə edə bilmədilər. Hesab 1:3 bitsəydi, “Qarabağ” üçün çətin olardı. Ancaq son dəqiqələrdə vurulan qol, onların şanslarını artırdı. İnanıram ki, “Qarabağ” evdə sərfəli nəticə əldə edə biləcək və qrup mərhələsinə vəsiqə qazanacaq. Onlara uğurlar arzulayıram.
  • Bu mövsüm Premyer Liqada çempionluq yarışının necə olacağını düşünürsən?
  • Bizi maraqlı çempionat gözləyir. Əsas favoritlər “Qarabağ” və “Neftçi” sayılır. “Neftçi” çempionata yaxşı başlamadı, ancaq hələ hər şey qabaqdadır. Düşünürəm ki, çempionluq yarışı da bu iki komanda arasında gedəcək.
  • “Neftçi”nin hazırkı durumu heç də ürəkaçan deyil. Səncə, bunun səbəbləri nədir?
  • “Neftçi” çempionata yaxşı başlamadı, 2 oyuna 1 xal qazanıblar. Belə nəticələrin səbəbini bilmirəm. Komanda daxilində nə baş verir, xəbərim yoxdur. Ola bilsin ki, Avropa Liqasındakı məğlubiyyətdən sonra özlərinə gələ bilməyiblər.
  • Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçdən dəvət gözləyirsənmi?
  • Hər futbolçunun arzusudur ki, milli komandada çıxış etsin. Hamı dəvət gözləyir. Ancaq qərarı baş məşqçi verir və onun qərarlarına hörmətlə yanaşmalıyıq.
  • Milliyə dəvət olunmaq üçün yaxşı oyun sərgilədiyini düşünürsən?
  • Meydana çıxanda çalışıram əlimdən gələni edim. Öz oyunuma qiymət vermək istəmirəm. Necə oynadığımı qıraqdan daha yaxşı müşahidə etmək olar. Millinin baş məşqçisi çempionatdakı oyunları izləyir, qərarı o verəcək.
  • Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə oyunlarından gözləntilərin nədir?
  • Həm Uels, həm də Xorvatiyaya qarşı oynamaq çətindir. İki oyunda da favorit rəqiblərdir. Amma futbolda hər şey mümkündür. Biz bu oyunlarda sensasiya edə bilərik.
  • Sensasiya etmək üçün nə lazımdır?
  • Xüsusi bir şey lazım deyil. Sadəcə, meydana çıxıb, canla-başla oynamaq, sona qədər mübarizə aparmaq lazımdır.
  • Uzun müddət milli komandanın formasını geyinmisən. Yığmanın uğur qazanması üçün nələr etmək və nələri dəyişmək lazımdır?
  • Düşünürəm ki, uşaq futboluna, akademiyalara fikir verməliyik, futbolçular burdan çıxır. Komanda sayı artırılsa, rayon komandaları olsa, çempionat maraqlı olardı. Bu, milli komanda üçün də faydalı olar.

Şahin Cəfərov