“Rus ruleti” kimi milli

Kürşad

Azərbaycanın futbol millisinin Bakıda adlı-sanlı, şanlı, futbolçularının səsi-sorağı Avropanın yekə-yekə klublarından gələn Xorvatiya yığmasından xal alması yaxşı idi.

Futbolçularımız döyüşdülər, tər tökdülər, layiq olduqları bir xalı qazandılar. Hərçənd, oyunun özü ilə bağlı uzun-uzadı müzakirələr açıb, “o niyə orda oynayırdı, bu niyə ehtiyatda qalmışdı” kimi sualların izinə düşmək olar. Məsələn, konkret bir məqamın üzərində də dayanmaq olar: Ramil Şeydayev oyun ərzində gah sağ, gah da sol cinahdan rəqibin cərimə meydançasına girməyə, ən pis halda ötürmə etməyə çalışırdı. Həmin anlarda adama elə gəlirdi, hətta elə gəlmirdi də, elə görünürdü ki, bizim komandanın hücumçusu yoxdur. Şeydayevin də, Mahir Emrelinin də cinahlardan hərəkət etdiyi vaxtda Azərbaycan millisi konkret hücumçusuz görünürdü. Düzdür, bizim futbolçular tərəfdən top çox nadir hallarda xorvatların cərimə meydançasının içinə ötürülürdü, ancaq həmin vaxtda da orda heç kimimiz olmurdu (qolu da cinahdan rəqibin müdafiəsini yaran Təmkin Xəlilzadə vurdu). Bəli, Azərbaycan yığması dünən kağız üzərində xorvatlarla oyuna iki hücumçu – Ramil və Mahirlə çıxmışdı, fakt isə hücumçusuz oynadıq. Hücumçusuz komanda – müasir futbolda bu, əyləncəli təsir bağışlayır.

Amma bütün bunlar baş məşqçi Nikola Yurçeviçi qayğılandıran, onun həll etməli olduğu məsələlərdir.

Gündəmdə olan məsələ xorvatlardan bir xal qoparan milli üzvlərinə mükafat vəd olunması, bəlkə də artıq verilməsidir.

Qınayırlar, ittiham edirlər ki, milli üzvləri pula görə oynamamalıdır, vətən, xalq, millət, məmləkət, bayraq… Əzizlərim, Azərbaycan millisinin üzvləri pula görə oynamır ki. İnanın, bunlar pula görə oynamış olsaydılar, Bakıda Macarıstana, Slovakiyaya, səfərdə Uelsə uduzmazdılar. Sadəcə, bizim milli komanda “rus ruleti” kimidir, 5 dəfə boş açılacaq, 6-cısında kiminsə başında partlayacaq. Gücləri, səviyyələri budur. Yəni düşünməyin ki, milli komandanın üzvləri meydana “xorvatlardan xal alaq, filan qədər mükafatımız var” düşüncəsi ilə çıxıblar. Kaş o düşüncə ilə çıxardılar, nəhayət, biz də azərbaycanlı futbolçuları hansısa şəkildə motivasiya etməyin, “xod”a salmağın yolunu tapmış olardıq. Təəssüf, min dəfə təəssüf ki, 5 min manat yox, 500 min manat versən də, azərbaycanlı futbolçular “rus ruleti” olmağa davam edəcək, beş dəfə uduzacaq, bir dəfə kiminsə alnının ortasında “partlayacaq”. Bu futbolçuları, bu komandanı motivasiya etməyin yolunu, qaydasını hələ kəşf edən olmayıb…