Rəşad Sadıqov: “Mən tərəfdən hakimə nə təhqir, nə də sərt ifadə olub”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Gərgin və maraqlı oyunun şahidi olduq. Dinamik və sürətli futbola hazır olmalı idi. İlk hissədə gözlənilməz qollar buraxdıq. Bundan sonra da yaxşı oynadıq. Matç bizim üstünlüyümüz şəraitində keçdi. Sonadək mübarizə apardıq. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Artıq bu matçı unudub qarşıdakı görüşləri fikirləşməliyik.

Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bəzi məqamlarda biz daha üstün idik. Belə görüşlərdə qələbə qazanmaq çətin olur. Biz də üç xal əldə edə bilərdik. Daha dəqiq olan və əlinə düşən fürsətlərdən yararlananlar istəyinə çatır. Elə oyunlar olur ki, pis çıxış edirsən və başında çoxlu suallar olur. “Qəbələ” “Qarabağ” kimi komandadan qol buraxmayıb. Səhvsiz mümkün deyil. Amma səhvləri minimuma endirə bilərik.

Rüstəm Nuriyevi oyundan çıxaranda tərəddüd etdim. Çox hərəkətli və aqressiv oyunçudur. Dəyişikliyin bir səbəbi var idi. Sadəcə, qorxdum. Rüstəm mübarizə aparırdı və istəkli idi. Sarı vərəqədən sonra qorxduğum üçün onu əvəzlədim.

Bu gün hakimlərə qarşı aqressiv deyildim. Xüsusilə də, sarı vərəqə aldığım epizodu diqqətə çatdırmaq istəyirəm. O epizod sarı vərəqədirsə, bizim hakimlər hər matçda baş məşqçilərə vərəqə göstərməlidirlər. Mən tərəfdən hakimə qarşı nə təhqir, nə də sərt ifadə olub. Sadəcə, sual vermişəm ki, bu sarı vərəqə deyil? Başımı tutub getdiyimə görə sarı vərəqə aldım. Belə halda sarı vərəqənin olacağını bilmirdim. Sən demə, bunu etmək olmazmış. Dünyanın bir sıra tanınmış baş məşqçiləri hakimlərlə dialoqdadırlar və bəzən səs tonlarını qaldırırlar. Bu da oyunun gərginliyindən irəli gəlir. Heç kimin başqalarına şəxsi qərəzliyi yoxdur. Digər komandanın oyunlarında iki məşqçi ayaq üstə durur. Amma vərəqə almırlar. Başımı tutub çıxıb getdiyimə görə sarı vərəqə görmüşəm. Görməmişəm ki, bizim çempionatda oyuna iki dəqiqə əlavə edilsin. Bu, xırda şeylərdir. Bu mövsüm çempionatımızda rəqabət daha çoxdur. Görünən odur ki, növbəti turlarda qələbə və xal qazanmaq daha çətin olacaq. Hakimlikdən çox danışmaq istəmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button