Qazaxda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş güləş yarışı keçirilib – FOTO

Aprelin 2-də “Vətən Müharibəsi şəhidlərini tanıyaq və tanıdaq” layihəsi çərçivəsində 2-ci Qarabağ müharibəsində şəhid olmuş Xaliddin Veyslinin xatirəsinə həsr olunmuş güləşin yunan-Roma növü üzrə 2008-2010 və 2011-2014 təvəllüdlü idmançılar arasında yarış keçirilib.

Komanda.az xəbər verir ki, yarışın əsas təşəbbüskarı “Fəqan idman klubu”nun rəhbəri Sücayət Nağdalıyev olub.

Şəhid Xaliddin Veysli də “Fəqan idman klubu”nun yetirməsi olub.

Turnir şəhidlərin tanıdılması ilə yanaşı, həm də yunan-Roma güləş növünün təbliği və kütləviliyi üçün də nəzərdə tutulub.

Yarışda Qazax, Yevlax, Göyçay, Şəmkir, Goranboy və Mingəçeviri təmsil edən 9 komanda 150-yə qədər idmançı ilə iştirak edib.

İdman turnirində Qazax RİH, Təhsil Şöbəsi, Uşaq-Gənlər İdman Mərkəzi nümayəndələri ilə yanaşı “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Qazax rayon filialını nümayəndələri də sədr Seyfəddin Məmmədovun başçılığı ilə qonaq qismində iştirak ediblər.

Yarışdan əvvəl Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş abidə memorial kompleksi və Xaliddin Veyslinin məzarı şəhidin atası Zərgər Veyslinin iştirakı ilə ziyarət olunub.

Yarış 20, 23, 26, 29, 32, 35, 38, 41, 45, 48, 52, 57, 68 və 75 kq çəki dərəcələri üzrə keçirilib.

“Fəqan İdman Klubu”nun idmançıları turnirdə xüsusi fəallıqları ilə fərqləniblər. Belə ki, 2008-2010 yaş qrupu üzrə 75 kq çəki dərəcəsində Yaqub Qocalı, 2008-2010 yaş qrupu üzrə Rəsul Məmmədov 68 kq, 2001-2014 yaş qrupu üzrə 41 kq çəki dərəcəsində Elgün Məmmədov və 2010- 2014 yaş qrupu üzrə 23 kq çəki dərəcəsində Amin Yusubov öz çəkilərində turnirin qalibi olublar.

2008- 2010 yaş qrupu üzrə 38 kq çəki dərəcəsində Raul Məmmədov, 2010- 2014 yaş qrupu üzrə 41 kq çəki dərəcəsində Kamran Məmmədov, 2011- 2014 yaş qrupu üzrə Həsən Bayramlı və həmin yaş qrupu üzrə 23 kq çəki dərəcəsində Gürgan Həsənli ikinci yeri tutublar.

Klubun idmançılarından iki nəfər isə üçüncü pilləni qazanıb. 2008-2010 yaş qrupu üzrə 35 kq çəki dərəcəsində Razim İsmayılov və həmin yaş qrupu üzrə 38 kq çəki dərəcəsində Murad Qəribov 3-cü yerlə kifayətlənməli olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button