“APOEL də bizim səviyyədə olan komandadır” – Araz Abdullayev

“Qarabağ”ın futbolçusu Araz Abdullayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya”ya məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, Abdullayev əvvəlcə 0:2 hesabıyla uduzduqları görüşü dəyərləndirib:

  • Bu oyunda nəticə qazanmaq istəyirdik. Ən azı 1 xal qazanmaq istəyirdik. İlk hissədə yaxşı müdafiə olunduq, bəzən də hücum etdik. “Sevilya”nın ilk qolundan sonra açıldıq, hücumlar təşkil elədik. Belə komandalarla açıq futbol oynamaq çox çətin olur. İkinci qoldan sonra geri dönüş mümkünsüz oldu. Hesab 1:0 olanda ümidlərimiz var idi.
  • Səviyyə fərqi özünü çox göstərdi?
  • “Qarabağ” belə rəqiblərlə oynayıb. İspaniyanın “Atletiko” klubuna iki oyunda uduzmamışıq. Fikirləşirdik ki, bacararıq. Azərbaycan xalqını, azarkeşləri xal qazanmaqla sevindirmək istəyirdik. Şansları son matça saxlamağı fikirləşirdik. Futboldur, irəli baxmaq lazımdır.
  • Müəyyən zamanda “Sevilya”nın qapısında təhlükəli anlar yaşatdız. Hətta Abdullah Zubirin mübahisəli penalti epizodu oldu. Qola mane olan nə idi?
  • Hələ Zubirin epizoduna baxmamışam. Hakim 11 metrlik nöqtəni göstərmədi, qərar onundur. Belə rəqiblərə qarşı çox hücum etmək olmur. Bəli canlanma oldu, istədik, qol vuraq. Alınmadı, əvəzində qol buraxdıq.
  • Azarkeşlə “Qarabağ”ın qrupdan çıxacağını düşünsə də, hər şey erkən başa çatdı. Sizin üçün də gözlənilməz oldu?
  • Biz də qrupdan çıxmağı istəyirdik və bunun üçün çalışırdıq. Bəzən kənardan qrup rahat görünür, ancaq APOEL də bizim səviyyədə olan komandadır. Qrupdan çıxmağı biz də arzulayırdıq. Olan oldu, irəli baxmalıyıq. Çempionata köklənməli və yenidən Avropaya qayıtmalıyıq.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button