“Qalatasaray”ın yeni transferi oynamayacaq: İngiltərədə aldığı “qırmızı”ya görə

Türkiyə çempionu “Qalatasaray”ın transfer pəncərəsinin son günlərində heyətinə qatdığı Florin Andone Super Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Kasımpaşa” ilə oyunda İstanbul təmsilçisinə kömək edə bilməyəcək.

Komanda.az xəbər verir ki, buna rumıniyalı futbolçunun icarəyə götürüldüyü “Brayton”un heyətində İngiltərə Premyer Liqasında aldığı qırmızı vərəqə səbəb göstərilir.

Bu barədə “Qalatasaray”ın mətbuat xidməti məlumat yayıb. Məsələ burasındadı ki, 26 yaşlı forvard Premyer Liqanın 3-cü turunda keçirilən “Brayton” – “Sauthempton” matçında birbaşa qırmızı vərəqə ilə meydandan qovulub və İngiltərə Futbol Federasiyası ona 3 oyunluq cəza verib. O, “Mançester Siti” ilə Premyer Liqa və “Bristol”la İngiltərə Kubokunun matçında meydana çıxmamaqla 2 oyunluq cəzasını geridə qoyub. Bundan sonra isə o, “Qalatasaray”a icarəyə verilib. Mövcud qaydalara əsasən, Andone 1 oyunluq cəzası qaldığı üçün yeni komandasında da 1 oyunu buraxmalıdı.

Bu üzdən də Andone “Qalatasaray”da ya sentyabrın 18-də keçiriləcək Belçikanın “Brügge” klubu ilə Çempionlar Liqasının qrup mərhələsinin oyununda, ya da bu ayın 22-nə təsadüf edəcək “Yeni Malatyaspor”la Super Liqa matçında debüt edə biləcək.