Özünü yandıran “Mavi qız” vəfat etdi

Qadınların futbol oyunlarına getməsi qadağan olunan İranda kişi qiyafətində stadiona daxil olan “Mavi qız” və ya “Səhər” ləqəbli qadın azarkeş vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı xanım azarkeş stadiona getdiyi üçün ittiham olunurdu. Üç gün polis nəzarətində qaldıqdan sonra şərti azadlığa buraxılan “Səhər”, 6 ay sonra məhkəməyə çağırılıb.

Məhkəmənin təxirə salınmasından sonra ona 6 ay həbs cəzası veriləcəyini eşidən azarkeş, məhkəmə binasının qarşısında özünü yandırıb. Xəstəxanaya aparılan “Səhər” bir həftə sonra aldığı yaralardan vəfat edib.

İranda 1981-ci ildən etibarən qadınların stadionlara girişi qadağandır. FİFA İrana qadınların stadiona girişinə icazə verilməsi üçün avqustun 31-nə qədər vaxt vermişdi. Ancaq İran dövləti hələ bu qərara riayət etmir.