Premyer Liqa klubundan daha 2 transfer

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sol cinah müdafiəçisi Ruben Vinaqre və yarımmüdafiəçi Duayt Maknili transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ruben Vinaqre Portuqaliyanın “Sportinq” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Lissabon təmsilçisi onu elə bu yay İngiltərənin “Vulverhempton” klubundan 10 milyon avro qarşılığında transfer etmişdi. Futbolçu geridə qalan mövsümdə icarə əsasında oynadığı “Sportinq”də 18 oyun keçirib. Portuqaliyadan olan 23 yaşlı müdafiəçi “Vulverhempton”a 2017/19 mövsümündə “Monako”dan transfer olunmuşdu. O, İngiltərə klubunda olduğu dönəmdə “Olimpiakos” və “Famalikan” komandalarında da icarədə oynayıb. Portuqaliyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında oynamış Vinaqre, peşəkar karyerası ərzində bütövlükdə 114 matça çıxıb, 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Duayt Maknil isə “Bernli”dən transfer olunub. İngiltərədən olan 22 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı “Bernli”yə bu transfer üçün 20 milyon funt-sterlinq təzminat ödənildiyini yazıb. “Mançester Yunayted”in yetirməsi olan Maknil peşəkar karyerasına məhz “Bernli”də başlayıb. O, bu klubun əsas komandasında meydana çıxdığı 147 oyunda 7 qolla yadda qalıb. Gənc futbolçu İngiltərənin U-20 və U-21 yığmalarında da oynayıb.

“Everton” gənc oyunçusu Ellis Simmsi də “Sanderlend”ə icarəyə göndərib. 21 yaşlı hücumçu da qarşıdakı mövsümün sonuna kimi bu komandada oynayacaq. Əvvəlki mövsümlərdə “Blekpul” və “Hart of Midlotian” klublarına da icarəyə verilmiş futbolçu, “Everton”da cəmi 1 oyuna çıxıb. Simms İngiltərənin U-20 yığmasında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button