Premyer Liqa klubları “Qarabağ”ın çempion elan olunmasına razıdırlar? SORĞU

Dünyada geniş yayılan koronavirus pandemiyası futboldan da yan keçməyib. Artıq bütün dünyada nə beynəlxalq turnirlər, nə də ölkə çempionatları keçirilir. Bunların bəziləri qeyri-müəyyən müddətə təxirə salınıb, bəzilərində isə mövsüm dayanıb və artıq çempion bəlli olub.

UEFA, ölkə çempionatlarının iyunun 30-na qədər yekunlaşdırılması haqda qərar qəbul etsə də, koronavirusa yoluxanların və infeksiya səbəbindən ölənlərin hər gün artması, bu qərarın ləğvinə gətirib çıxara bilər.

Koronavirus pandemiyası Azərbaycan Premyer Liqasının da təxirə salınmasına səbəb olub. PFL-in açıqladığı qərara görə, ölkə çempionatı 14 apreldən tez başlamayacaq. Ancaq çempionatda mövsümün erkən dayandırılacağıyla bağlı qərar qəbul olunsa, Premyer Liqa klubları “Qarabağ”ın çempion elan olunmasını qəbul edəcəkmi? Bu suala cavab tapmaq üçün Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların rəsmilərinə müraciət etdik:

Nurlan İbrahimov (“Qarabağ”)

“Biz də istəyərik ki, meydanda çempion olaq. Çempionluq alın təriylə qazanılan şeydir. İnanıram ki, Premyer Liqa sona kimi davam edəcək. Çempionatın yarımçıq dayandırılıb, kiminsə çempion elan ediləcəyinə inanmıram”.

Rüstəm Allahverdiyev (“Neftçi”)

“Mövsüm aprelin 14-nə kimi dayandırılıb və bundan sonra bərpa olunmaq məsələsi var. İndiki vəziyyətdə bu haqda danışmaq düzgün olmaz. Biz klub olaraq təbii ki, insan sağlamlığının hər şeydən öndə olduğunu düşünürük və dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşır, onlara maksimum əməl etməyə çalışırıq”.

Anar Hacıyev (“Qəbələ”)

“Yəqin ki, hər hansı bir qəbul edilərkən klubların mövqeyi soruşulacaq. Onda müzakirələr nəticəsində, həmin zamana uyğun ortaq qərarlar qəbul ediləcək”.

Elnur Həmidov (“Sabah”)

“PFL bu barədə məlumat yayıb. Məlumatda, UEFA-nın martın 17-də keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq, yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirdiyi qeyd edilib. Yəni çempionatın yarımçıq dayandırılması hazırda müzakirə mövzusu deyil”.

Elmar Abdullazadə (“Zirə”)

“PFL və UEFA açıqlama verib ki, çempionatlar davam edilib, yekunlaşdırılacaq. Biz də ona görə oyunları gözləyirik. Ümid edirik ki, oyunlar aprelin ortaları, ya da sonları bərpa olunacaq və hər şey meydanda həll olunacaq”.

Törə Əhmədova (“Səbail”)

“Mövsüm dayandırılsa, hansı şərtlərlə mövsümün bitməsinin variantları dəqiqləşdikdən sonra seçim etmək olar. Bir az qarışıq məsələdir”.

Rəşad Məmmədov (“Sumqayıt”)

“İnşallah ki, bu virus tez bir zamanda yox olar. Bu, mənə ünvanlanacaq sual deyil. Ümid edirik ki, çempionatlar tez bir zamanda bərpa olunar”.

Murad Axundov (“Keşlə”)

“Mövsümün erkən bitməsi barədə bir şey deyə bilmərəm. Çünki çempionat aprelin 14-nə kimi dayandırılıb. Yekun qərarı gözləyirik. İstənilən qərarı qəbul edəcəyik”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button