Burdan bir Dərəlioğlu keçdi… Yazı+Fotolar

Onun yolu Azərbaycandan da keçib. 6 ay ərzində “Xəzər Lənkəran” formasını geyindi və yerli azarkeşlərin sevgisini qazandı. Təkcə adına-sanına görə deyildi bu sevgi, oynadığı futbol da var idi bu sevginin içində. Amma bəlkə də, çoxu onun Azərbaycana nələri yaşadıqdan sonra gəldiyindən xəbərsiz idi…

4 iyul 1997-ci il. Oqtay Dərəlioğlu iki ay əvvəl ata olmuşdu. Bu sevincini həmin zaman oynadığı “Beşiktaş”dakı komanda yoldaşları ilə paylaşmışdı. Amma onun bu sevinci çox çəkmir. Həyat yoldaşı heç bir söz demədən, heç bir məktub qoymadan iki aylıq uşağı ilə birlikdə intihar edir. Bu intihar Oqtayın həyatında böyük bir sirr kimi qalmışdı. Hələ 22 yaşı vardı və çiyinlərində böyük yük daşımaq məcburiyyətində idi. Bu hadisədən sonra ilk dəfə bir hücumçu kimi deyil, kədərli ata kimi, göz yaşları ilə çıxmışdı azarkeşlərin qarşısına…

Həyat yoldaşını və iki aylıq uşağını itirən Oqtayın göz yaşları

Karyerası ərzində çox şey yaşamışdı, 17 yaşında “Trabzonspor” formasını geyinmiş, 18 yaşında Mətin Ali Feyyazlı “Beşiktaş”ın sağ cinahında oynamışdı. Belçika millisinə atdığı qol və həmin qolun “soccerlips” saytının keçirdiyi sorğuda əsrin qolu seçilməsi isə onun üçün xüsusi hesab olunur. Bu qol haqqında danışarkən, “Elə qol vurduğum üçün şükürlər olsun. Həmin epizodda gördüm ki, ötürmə verə biləcəyim komanda yoldaşım yoxdur, rəqib futbolçulardan da kimsə topu almaq üçün üzərimə gəlmir. Önümə gələn bütün futbolçuları keçməyə başladım. Deyəsən, bu qədər çox futbolçunu keçərək vurulan yeganə qol idi” deyir.

Hələ onda evləndiyi bu qadının günlərin birində intihar edəcəyini bilmirdi Dərəlioğlu…

Həyatının sonrakı illərində yanında kimsə olmayacaq, çətin vəziyyətdə qalacaq, bütün çətinliklərə dözə bilsə də, əvvəlki kimi qol vura bilməyəcəkdi…

80-ci illərin əvvəllərində İstanbul küçələrində futbol oynamaqla başlayırdı onun hekayəsi. Yaşıdlarından balaca və zəif idi. O zamanlar “Karagümrükspor”un heyətində oynamağı xəyal edirdi, amma bu xəyalının cəmi 10 yaşında gerçək olacağını özü də bilmirdi. 1985-ci ildə anasından icazə alaraq, klubun seçimlərində iştirak edir. Futbolçu olmaq istəyən uşaqlarla birlikdə futbol oynayarkən, 10 dəqiqə keçməmiş, onu çağırırlar və növbəti gün klubun aşağı yaş qruplarında qeydiyyatdan keçirirlər. Balaca olmasına baxmayaraq, çox rahatlıqla qol vura bilirdi, meydan boyunca topla çox yaxşı irəliləyir, “yumşaq mərmi”yə istədiyi cür istiqamət verə bilirdi. Artıq boş sahələrdə, İstanbul küçələrində futbol oynamaq əvəzinə, “Karagümrükspor”un aşağı yaşlılardan ibarət komandasında oynamağın və dünyaca məşhur futbolçu olmağın xəyalını qurmaq vaxtı idi onun üçün.

15 yaşı olarkən, bu klubun heyətində keçirdiyi hər oyundan sonra rəqib futbolçuların haqqında danışdığı birinə çevrilmişdi Oqtay. Hər matçdan sonra rəqib müdafiəçilərin, “balaca boyu ilə hər dəfə bizə qol vurur” dedikləri məlum idi. Bəli, o, balaca bir uşaq idi və bu klubda çox qalmayacağı da bəlli idi. Həmin vaxt “Beşiktaş” və “Trabzonspor” bu uşağın transferi üçün hərəkətə keçmişdilər artıq. Oqtaya “Karagümrükspor”dan ayrılmaq üçün sadəcə qərar vermək qalmışdı. Hər iki klub şərtlərini ortaya qoymuşdu, “Beşiktaş” bir il sonra əsas komandada oynamağın zəmanətini verdiyi halda, “Trabzonspor” ilk vaxtlardan heyətdə yer alacağını bildirmişdi. Beləliklə, 17 yaşlı futbolçu “Beşiktaş”ın əvəzində, 100 min dollar müqabilində Qaradəniz təmsilçisinə transfer olunur.

“Trabzonspor”a transferindən sonra Oqtayın bu klubda işləri heç də sabit davam etmirdi. İstanbulda böyümüş, əvvəllər ailəsindən kənarda yaşamamış bir uşağı Trabzona gətirən klub prezidenti Sadri Şənərin Oqtaydan gözləntisi çox yüksək idi, xüsusilə də, ilk dəfə “Trabzonspor” formasıyla iştirak etdiyi “Fənərbaxça” ilə oyunda. Dərəlioğlu yaşıdı olan hər uşaq kimi ailəsi üçün darıxır, nə təkliyə, nə də Trabzona öyrəşə bilirdi. Nəhayət, bir gün klub rəhbərliyinə İstanbula getmək istədiyini bildirir. “Trabzonspor” rəhbərliyi ona problem yaratmır, çünki artıq “elçi”si vardı. Qaradəniz təmsilçisi ilə birlikdə onu transfer etməyə çalışan “Beşiktaş”ın ona olan marağı davam edirdi. İstanbul klubu onu transfer etmək istəsə də, keçirdiyi uğursuz mövsüm onu futbol ictimaiyyətinin gözündən salmışdı. Azarkeşlər onu ilk dəfə “qartallar”ın heyətində görəndə, komandanın aşağı yaş qruplarından gələn futbolçu olduğunu düşünmüşdülər. Oqtay isə “Beşiktaş”da həyatının ən uğurlu və ən pis 7 ilini keçirəcəyini hələ bilmirdi…

“Beşiktaş”a ən uğurlu mövsümünü yaşadan baş məşqçi Qordon Milnenin komandadan ayılmasından sonra bu vəzifəyə Kristof Daum gətirilir. Həmin vaxtlarda Dərəlioğlu komandanın gənc ulduzu hesab olunurdu. Daum onu sağ cinahda oynatdı və Oqtay bu mövqedə uğurlu oldu. O, keçmiş komandası “Trabzonspor”a 7:1 hesabı ilə qalib gəldikləri oyunda forma geyinmiş və matçdan sonra bütün mətbuatın gündəmi olmuşdu.

2005-ci il. Gəncədə keçirilən “Neftçi” ilə oyunda “Xəzər Lənkəran”da 29 nömrəli forma ilə Oqtay da meydana çıxmışdı

Onun üçün hər şey yolunda gedərkən, intihar hadisəsi yaşandı və Dərəlioğlu üçün gözəl günlər bitdi. Oqtay bu kədərlə yaşamağa öyrəşə bilmirdi. “Beşiktaş” ailəsi kimi idi onun, buna görə də, onun bu vəziyyətinə hər kəs səbr edirdi. Hətta keçmiş komanda yoldaşı Sərdar Torpaqtəpə də ona dəstək üçün yanında olurdu. Hər kəs onun yaxşılaşması, düzəlməsi üçün çalışarkən, o, bəlkə də, yaşadıqlarının təsiri ilə uşaqlıq dostu olan Sərdarın nişanlısı ilə münasibətə başlayır. Bu hadisəyə görə onun Sərdarla münasibəti zədələnir, hətta bir-birlərini məhkəməyə də verirlər. Oqtay yaşanan bu hadisələri inkar etsə də, dostunun nişanlısı ilə evlənir. Həmin dövrdə “Beşiktaş”ın prezidenti olan Süleyman Səba komanda daxilində belə şeylərə yer olmadığını bildirərək, həm Oqtayı, həm də Sərdarı klubdan göndərir. Bu hadisədən sonra Oqtay “Siirtspor”a transfer olunur, amma burda heç vaxt forma geyinmək şansı qazanmır.

Bu transferlə birlikdə, Oqtay üçün başqa bir dövr başlayır, səyyah kimi bir yerdən başqa yerə getmə dövrü, getdiyi heç bir komandaya öyrəşə bilməmə dövrü. İlk olaraq, “Qaziantepspor”a keçir, mövsümün sonunda “Fənərbaxça” klubuna transfer olunur. “Fənər”da meydana çıxmayan Dərəlioğlu, “Las Palmas” klubundan aldığı təklifi qəbul edərək, İspaniyaya gedir. İspaniyadan sonra növbəti dəfə yolu “Trabzonspor”dan keçir. Klub prezidenti Mehmet Ali Yılmaz onunla birlikdə yeni bir dövrə başlamaq istəyirdi, amma yenə alınmır. “Trabzonspor”dan sonra yenidən “Fənərbaxça”ya qayıdır. Verner Lorant komandadan ayrıldıqdan sonra “Fənər”ın “sükanı arxasına” keçən Oğuz Çətin bir neçə futbolçu ilə birlikdə onu da heyətdən uzaqlaşdırır. Oqtay, bu məsələylə bağlı “Fənərbaxça”da heyətdən uzaqlaşdırılmaq dəbdir” demişdi.

“Xəzər Lənkəran”ın muzeyində Oqtay Dərəlioğlunun geyindiyi forma

“Fənərbaxça”dan sonra “Samsunspor”a, ordan da Belçikanın “Beerşot Anver” klubuna keçdi. Amma bu klubda o, sadəcə məşqlərdə iştirak etdi, çünki artıq “Nürnberq”lə razılığa gəlmişdi. Almaniyaya da öyrəşə bilmədiyi üçün “Akçaabat Sebatspor”a qayıtdı, amma burda da çox qalmadı. Maliyyə problemləri səbəbi ilə komandadan ayrıldı və Azərbaycana üz tutdu – “Xəzər Lənkəran”a transfer olundu. Nəhayət, uzun müddət sona burda istədiyi uğuru qazana bildi, hətta “ağ-yaşıllar”ın heyətində ilin futbolçusu seçildi. Sonra yenə klublarını tez-tez dəyişməyə başladı və “Sakaryaspor”, “Diyarbəkirspor”, “İstanbulspor”, “Yalovaspor” kimi klubların formasını geyindi. Oqtay özü isə klubları əlcək kimi dəyişməsi haqda danışarkən, sadəcə, bir səhvinin olduğunu deyir: “Beşiktaş”dan ayrılmağım böyük səhv idi. O səhvi etməsəydim, hələ də orda idim”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button