“Olimpiakos” bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.

Komanda.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında məlumat verib.

59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib:

“Bu qədər futbolçu baş məşqçi, komanda və oyunçular üçün problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna, 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm”.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib.