Öldürmə, futbol oyna

Rəşad Ergün

Rusiyanın futbol üzrə milli komandaları, klubları FİFA, UEFA bayrağı altında keçirilən bütün turnirlərdən qovulur, təcrid olunur.

Müxtəlif idman növləri üzrə Rusiyada keçirilməsi planlaşdırılan yarışlar bu ölkədən alınır.

Qadağalar, cəzalar, sanksiyalar…

İdman sahəsində Rusiyaya qarşı atılan addımlar bəlkə də, hüquq çərçivəsini aşır. Bəlkə də, həddən artıq sərt yanaşma var. Bəlkə də…

Elə bizdə, Azərbaycanda da idman sahəsində ruslara qarşı atılan addımların əndazəni aşdığını düşünənlər, sosial şəbəkədə etirazlarını dilə gətirənlər var. Haqlıdırlarmı?

Planetdə nə haqq qalıb, nə hüquq.

Haqq məsum körpələrin başına bombalar yağdırmaqdırmı? Axı “günahkar uşaq yoxdur” ifadəsi çoxdan aksioma çevrilib.

Haqq-hüquq qadınları, qocaları öldürməkdirmi?

…Xocalıda, Gəncədə, Bərdədə, Xarkovda, Kiyevdə…

Planetin az qala yarısını qamarlayıb, sonra da “mənim qonşuluğumda NATO üzvü olan ölkə olmamalıdır” kimi sərsəm iddiaya düşməkdirmi haqqa, hüquqa sayğı?

İdman sülhə çağırışdır, insanları birləşdirən dəyərdir. “İdman siyasətə qarışmamalıdır” deyirlər. Amma siyasət idmanı çoxdan özünə qarışdırıb, bulaşdırıb. Çoxdan… Ta o vaxtdan ki, yaramaz adamlar, özlərini lider sayanlar vəhşiliyin, qan tökməyin, acgözlüyün, əclaflığın adını “siyasət” qoydular.

İdman siyasətə qarışmamalıdır, zorba siyasətə, vəhşiliyə, qan tökməyə, acgözlüyə, əclaflığa qarşı olmalıdır! Və idman haqlı olaraq da, bu gün bunlara – Putin zülmünə qarşıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button