Stam formasını geyindiyi ən yaxşı klubların adlarını açıqladı

Niderland milli komandasının sabiq futbolçusu Yap Stam formasını geyindiyi ən yaxşı klubların adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi, bu barədə İtaliya mətbuatına açıqlamasında deyib:

“Milan” və “Mançester Yunayted” oynadığım ən yaxşı klublardır. Onların arasında seçim etmək mümkün deyil.

İtaliya futbolunu sevirəm. “Latsio”da 3, “Milan”da 2 il çıxış etdim. Gözəl vaxtlar idi. A Seriyasında çalışmaq imkanım olsaydı, bunu mütləq edərdim.

Mən yalnız top klublarda çalışmaq istəyən məşqçi deyiləm, hər şeyi özüm sıfırdan qurmaq istəyirəm. Koronavirusla bağlı yaranmış fasilədə bəzi klublarla danışdım, ancaq indi əsas olan insan sağlamlığıdır”.

Karyerası ərzində PSV, “Mançester Yunayted”, “Latsio”, “Milan”, “Ayaks” kimi klublarda çıxış edən Stam, 66 dəfə də Niderland yığmasının formasını geyinib.

Keçmiş müdafiəçi son olaraq Niderlandın “Feyenoord” klubunda baş məşqçilik edib.