“Neftçi” ilə oyuna sərbəst çıxmaq lazımdır” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Futbolçuları təbrik edirəm. Belə oyunlarda soyuqqanlı və səbrli olmaq vacibdir. Oyunçular meydanda rahat idilər. Müxtəlif qol epizodları oldu. Vacib olan 3 xalı qazandıq. Rəqib baş məşqçi Sənan Qurbanova uğurlar arzulayıram. Onlar da kubokun finalında oynayacaqlar.

Fasilədə “Neftçi”nin oyununun nəticəsi ilə maraqlanmadıq. Bütün fikrimiz öz oyunumuzda idi. Son turda qarşılaşacağımız “Neftçi” ilə oyuna sərbəst çıxmaq lazımdır. Futbolçuların durumu və hazırlığı o səviyyədədir ki, buna hazırdırlar. Biz öz oyunumuzu sərgiləmək istəyirik. Bütün qərarlara hörmətlə yanaşırıq. Biz də istəyirik ki, həmin matçda tribunalar dolsun.

Mən və ya “Qarabağ”, biz tək deyilik. İlk olaraq qalibiyyət haqqında düşünürük. Mən buraya gələndən belədir. Hər oyunda qalib gəlməyə və oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Biz bu komandanı sevərək burada işləyirik. Komandanın yaşaması, hücum futbolu oynaması və nəticə qazanması bizim hədəfimizdir.

Mahir Emrelinin penaltidən yararlana bilməməsinə gəlincə, fikrimdən keçdi ki, zərbəni o vursun. Heç vaxt belə olmamışdı. Ən ürəksiz qərarlarımdan biri idi. Desəm ki, Mahir vursun, amma penaltini yerinə yetirəcəyinə inanmıram. Bəzən futbolçular penaltini vacib anda vura bilmirlər”.

Filip Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsinə gəlincə, bildiyim qədər maraqlanırlar. Hələ ki məlumat yoxdur. Belə bir fikirdə olduqlarını bilirəm. Transferdə kiminsə milliləşdirilməsinin rolu yoxdur. Onun Azərbaycan pasportuna sahib olması bizim üçün üstünlükdür. Amma hər halda milli üçün fayda verəcəksə, olsun. Cüzi də olsa, üstünlük qazanacağıq”.