“Napoli”nin hücumçusu “Monza”da

İtaliyanın “Monza” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyasının yeni iştirakçısı olan və Silvio Berluskoniyə məxsus klub iki mərkəz müdafiəçisi – Pablo Mari və Marlon Santos, yarımmüdafiəçi Varren Bondo və hücumçu Andrea Petanya ilə güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mari, Marlon və Petanya 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Bondo isə birdəfəlik transfer olunub. Fransanın “Nansi” klubundan transfer edilmiş 18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Bu komandada 39 oyuna çıxan yarımmüdafiəçi, 2 qol da vurub. Gənc futbolçu Fransanın U-19 yığmasının üzvüdür.

Marlon Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan icarəyə götürülüb. Braziliyadan olan 26 yaşlı mərkəz müdafiəçisi 2021-ci ildən “Şaxtyor”da forma geyinirdi. O, ötən mövsüm bu komandada 22 oyuna çıxıb. Müdafiəçi əvvəllər “Fluminense”, “Barselona”, “Nitsa” və “Sassuolo”da da forma geyinib.

Pablo Mari İngiltərənin “Arsenal” klubundan icarəyə götürülüb. İspaniyadan olan 28 yaşlı futbolçu 2020-ci ildən formasını geyindiyi London təmsilçisində cəmi 22 matça çıxıb. O, əvvəllər “Malyorka”, “Ximnastik”, “Jirona”, “NAK Breda”, “Deportivo”, “Flamenqo”da da çıxış edib. Mari ötən mövsümün ikinci dövrəsini İtaliyanın digər klubu “Udineze”də icarədə keçirib.

Andrea Petanya isə müqavilə ilə “Napoli”yə məxsusdur. 27 yaşlı futbolçu 2020-ci ildən Neapol klubunun uğurları üçün çalışırdı. O, qısa müddət SPAL-da da icarədə oynayıb. “Milan”ın yetirməsi olan hücumçu, “Sampdoriya”, “Latina”, “Viçentsa”, “Askoli” və “Atalanta”da da forma geyinib. Petanya İtaliya yığmasında da 1 oyuna çıxıb.