Naci Şensoy: “Məncə, “Qarabağ” rəhbərliyi yeni strategiyaya hazırlaşmalıdır”

“Turan Tovuz”un sabiq baş məşqçisi Naci Şensoy keçmiş komandasının illər sonra avrokuboklara vəsiqə qazanmasını yüksək qiymətləndirib. O, bölgə klubunun uğurunu səbr və düzgün strategiyanın nəticəsi adlandırıb.

Şensoy Komanda.az-a açıqlamasında bildirib ki, “Turan Tovuz”un Konfrans Liqasına yüksəlməsi klub üçün çox önəmli hadisədir:

“Hər şeydən əvvəl, “Turan Tovuz”u bu il Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu, “Turan”ı sevənlər üçün çox sevindirici hadisə oldu. Bu münasibətlə ilk növbədə rəhbərliyi, daha sonra məşqçilər heyətini, futbolçuları, klub azarkeşlərini və bu uğurda əməyi keçən hər kəsi təbrik edirəm.

Məncə, bu uğur səbrin nəticəsidir. Yəni, “Turan” rəhbərliyi baş məşqçi məsələsində Kurban Berdyev üzərində qərar verdikdən sonra artıq ona güvənmək lazım idi. Uzunmüddətli perspektivdə göstərilən bu səbr və etimad “Turan Tovuz”a uğur gətirdi. Yəqin xatırlayırsız, xüsusilə, ötən il “Turan” azarkeşləri böyük məyusluq yaşamışdı. Ancaq rəhbərlik səbr göstərdi və bu il arzulanan uğura çatdı”.

Türkiyəli mütəxəssis “Turan Tovuz”un Konfrans Liqasındakı perspektivindən də danışıb:

“Turan Tovuz” Konfrans Liqasında nə edə bilər” sualına gəlincə, burada hər şey rəhbərliyin transfer büdcəsindən asılıdır. Təəssüf ki, artıq böyük uğuru maliyyə olmadan qazanmaq çox çətindir. Məsələn, “Fənərbaxça” nümunəsində olduğu kimi, pul hər şey deyil, amma onsuz da alınmır. Yəni, düzgün transfer siyasəti aparılarsa, uğurun gəlməməsi mümkün deyil”.

Naci Şensoy Azərbaycan futbolunda rəqabətin artmasının vacibliyinə də toxunub. O, “Qarabağ”ın bu mövsüm həm Premyer Liqada, həm də ölkə kubokunda “Sabah”a məğlub olmasının Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcəyini düşünür:

“Daha əvvəl də demişdim, bu il “Qarabağ”a çempionluq uğrunda mübarizədə “Sabah” kimi yeni rəqibin çıxması ilk növbədə Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək. Bildiyiniz kimi, mənim Qurban Qurbanovla dostluğum çox köhnədir. Onun illərdir çalışdığı futbolçuların fiziki göstəricilərinə cavabdeh olan məşqçisi Çudomir Çakarov mənim Bolqarıstanda çalışdırdığım “Lokomotiv Plovdiv” komandasında da eyni işi görürdü. Buna görə, onların indiyədək əldə etdiyi uğurlar qürurvericidir.

Amma hər şeyin bir sonu olduğu kimi, “Sabah” komandası da bu seriyaya son qoydu və bu, Azərbaycan futbolunun inkişafı üçün çox faydalı olacaq. Çünki rəqabətin olmadığı yerdə inkişafdan danışmaq mümkün deyil”.

Şensoy əlavə edib ki, “Sabah”ın uğuru “Qarabağ” üçün yeni çağırış hesab olunmalıdır:

“Sabah”ın bu uğuru “Qarabağ” üçün bir meydan oxuma kimi qəbul edilərsə, məncə, Ağdam klubunun rəhbərliyi yeni strategiyaya hazırlaşmalıdır. Klub rəhbərliyi bu məsələdə çox təcrübəlidir və bunu bir yenilənmə kimi qəbul etsələr – ki, etməlidirlər – qarşıdakı mövsümdə fərqli strategiya və planlama ilə yenidən çempion ola bilərlər”.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button