
“Bəzi matçlarda hesabların böyük olması oyuna köklənməyimizə mane olur” – MÜSAHİBƏ
“Sabah”ın qızlardan ibarət komandası “Zaqatala City” ilə qarşılaşmada 14:0 hesablı qələbə qazanmaqla, futbol üzrə U-17 Qızlar Liqasında çempionatın sonuna iki tur qalmış çempionluğu təmin etdi.
Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda ötən il də mövsümü çempion kimi başa vurmuşdu. İbrahimovla da elə işi, komandasının uğurlu çıxışı haqda danışdıq:
– Mehdi bəy, ilk öncə özün barədə, işin, fəaliyyətin haqda məlumat verərdin.
– 33 yaşım var, hazırda “Sabah” Futbol Akademiyasında qızlardan ibarət komandalarda baş məşqçi kimi fəaliyyət göstərirəm. Və həmçinin, Təhsil Nazirliyinin futbol məktəblərində aşağı yaş qrupunda oğlanlarla məşğul oluruq.
– Necə oldu ki, bu sahəyə gəldin?
– Demək olar ki, bütün oğlan uşaqlarının futbola həvəsi olur. Aşağı-yuxarı, hamı bir yaşa qədər futbolla məşğul olur. Mən də 17-18 yaşıma qədər müxtəlif liqalarda, müxtəlif komandaların heyətində oynamışdım. Sadəcə, 18 yaşımda elə oldu ki, seçim etmək məcburiyyətindəydim və İdman Akademiyasına daxil olmuşdum. Dərslərimi yaxşı oxumaqla yanaşı, məşqçi olmaq və ya futbolçu karyerama davam etmək kimi hədəfim var idi. Təbii ki, mən məşqçiliyi seçəsi oldum. Özlüyümdə qərar verdim ki, məşqçi olacam və bu sahəni seçdim. Daha sonra AFFA-da C lisenziyası aldım. İdman Nazirliyinin İspaniyanın “Real” klubu ilə “Sosial Futbol Layihəsi” üzrə müqaviləsi var idi və mən nazirliyin dəstəyi ilə 2015-ci ildə Madrid akademiyasında bir həftəlik təcrübə keçdim. Şərait yarandıqca həvəsim daha da artdı və beləcə, başladım məşqçiliyə. 2024-cü ilin dekabrında isə UEFA-nın B lisenziyasına yiyələndim.

– Qızlarla işləmək çətin deyil ki?
– Oğlanlarla işləmək də çətindir, amma qızlarla işləməyin çətin tərəfləri daha çoxdur. Bununla yanaşı, müsbət tərəfləri də var. Biz bu kollektivi keçən mövsüm yığdıq. “Sabah” rəhbərliyi şərait yaratdı və qızlar liqasına komanda buraxmaq niyyətləri oldu. Nəticədə, bizim komanda yaradıldı və biz elə bir kollektiv formalaşdırdıq ki, ilk ilimizdə çempion olmağı bacardıq. Və bu il də o çempionluğu təkrarladıq. Qızlarla öz aramızda danımışdıq ki, keçən il çempion olmuşuqsa, bu il ikinci olmaq bizim üçün düşüş olacaq. Ona görə də, bu mövsümə daha ciddi hazırlaşmışdıq.
– Və çempionatın bitməsinə iki tur qalmış çempionluğu rəsmiləşdirdiz.
– Keçən il də çempion olmuşduq, ancaq liqa fərqli formatda keçirilirdi. Regionlara bölünmüşdük, Bakı zonasının qalibi olaraq final mərhələsinə vəsiqə qazanmışdıq. Orada 1/4, 1/2 və finalda oynamışdıq. Bu il isə xal hesabı, liqa formatında keçirilirdi, ona görə də biz sona iki tur qalmış çempionluğumuzu rəsmiləşdirə bildik. Mənə elə gəlir ki, bu il bizim üçün daha maraqlı keçdi. Bu il “Şəfa” ilə oyunlarımız daha gərgin keçdi ki, onlar da liqada 2-ci yeri tutublar. Onlarla oyunlarımız çox gərgin, mübarizə şəraitində keçdi, hansı ki, son matçımızda qələbə qolunu 90-cı dəqiqədə vurduq. Komandanın yaranmasından bu günə kimi xal itkisi yaşamamışdıq. Təkcə “Şəfa” ilə matçda xal itkisinə yaxın idik. Yaxşı ki, son dəqiqədə vurduğumuz qolla qələbə qazana bildik.
– Paltardəyişmə otağında idarəçiliyi necə tənzimləyirsən? Qızların oyuna köklənməsi, onların motivasiyasının yüksəlməsi – bu kimi prosesləri necə yoluna qoyursan?
– Bizim qızlardan ibarət köməkçi məşqçilərimiz var. Onlar bu işdə bizə çox kömək olurlar. Onlar da UEFA lisenziyalı məşqçilərdir, qızlarla işləmə təcrübələri daha çoxdur. Həm qapıçılar üzrə məşqçimiz, həm də digər iki köməkçi məşqçimiz qadındır. Üç qadın köməkçi məşqçimiz var və onlar bu baxımdan bizə çox dəstək olurlar. Paltardəyişmə otağında qızları idarə etməkdə, oyundan sonra və əvvəl, ümumi olaraq psixoloji durumlarını qaydasına salmaqda çox kömək olurlar. Bizim çox yaxşı kollektivimiz var və onların motivasiyasının yüksək tutulması, oyunlara köklənməsi – bu kimi proseslərin yoluna qoyulması elə də çətin olmur. Dediyim kimi, kollektivimiz artıq bir ailə kimidir. Ona görə də, bizim üçün elə də çətin olmur.

– Son matçda “Zaqatala City” üzərində 14:0 hesablı qələbə qazanmısız. Qadın futbolunda belə hokkey hesabları tez-tez olur?
– Bəli, təəssüf ki, hesablar böyük olur. Həqiqətən, biz də istəməzdik. Çünki bəzi matçlarda hesabların böyük olması bizim də oyuna köklənməyimizə mane olur. Qızlar artıq bilirlər ki, hansı komandanın səviyyəsi hansı vəziyyətdədir. Yəni, biz o oyuna hazırlaşanda bir az bununla bağlı çətinlik yaşayırıq. Həmin oyuna köklənmək bir az çətin olur, sırf məşq prosesimizə təsir edir. Çox təəssüf ki, belədir, ancaq ümid edirik ki, get-gedə düzələcək. Baxın, biz “Şəfa” komandası ilə qarşılaşanda çox böyük çətinlik çəkdik, çünki bütün oyunlarda böyük hesabla qalib gəlirdik və öz səviyyəmizə yaxın kollektivlə üz-üzə gələndə artıq orda bir az bizim üçün çətin olur. Belə oyunlarda ritmi, tempi tutmaqda çətinlik çəkirik. Qızlar üçün çətin olur, ona görə ki, mövsümboyu yalnız bir-iki belə oyuna çıxırlar.
– Necə oldu ki, qızlardan ibarət futbol komandasını çalışdırmaq qərarına gəldin?
– 2018-ci ildə məni qızlar liqasına dəvət etdilər və bura gəldim. Həmin vaxt qadınlar liqasının departamentinin rəhbəri Emin Cəfərov idi. Biz onula danışdıq və dəvət etdilər, görüşdük. “Xırdalan Siti” var idi və biz o komanda ilə çalışmağa başladıq. Sonra isə keçən mövsüm “Sabah”dan təklif oldu, komanda yaradıb liqaya buraxmaq barədə. Məsləhətləşdik, U-17 komandası yaradıldı və beləcə, “Sabah”da işlərimiz başladı. Bu il isə rəhbərliyin qərarı ilə U-13 komandamız yaradıldı.

– Özünü kişi futbol komandalarında sınamaq istərdin?
– Hazırda kiçik yaşlı oğlan komandaları ilə məşqlər keçirik. Ola bilər ki, böyüklərlə də çalışaq, çünki mən UEFA-nın B lisenziyasını yeni almışam. Hazırda fikrimiz qızlarla bağlıdır və növbəti mövsüm üçün yüksək liqaya hazırlaşırıq. İndi bu barədə düşünmürəm.
– Ölkədə qadın futboluna yaradılan şəraitdən razısan?
– Təbii ki, Premyer Liqa klublarından başqa, qız komandalarına AFFA tərəfindən şərait yaradılıb və hamısı üçün şərait eynidir. Bizim üçün şəraiti “Sabah” yaradıb. Bizdən başqa, “Neftçi”, “Qəbələ”, “Səbail”, “Turan Tovuz” kimi klubların qız komandaları var. Düzdür, müxtəlif yaş qruplarında, belə ki, “Səbail”də də U-13 komandası var. Hansı ki, yaxşı şərait yaradıblar, keçən mövsüm U-13 liqasının qalibi olublar. “Qəbələ”nin yüksək liqada komandası var, “Neftçi” keçən il liqamızın qalibi olub və Çempionlar Liqasına vəsiqə qazanıb. Mənə elə gəlir ki, yaradılan şərait yetərlidir, qane edir. Sadəcə, ölkəmiz qadın futbolunda yenidir. Düşünürəm ki, get-gedə daha yaxşı olacaq, daha yaxşı şərait yaradılacaq. Çünki artıq elə qızlarımız var ki – A millimizin üzvlərinin hamısı demək olar Avropada oynayır. Türkiyədə, Rusiyada, Yunanıstanda və müxtəlif liqalarda çıxış edən qızlarımız çoxdur. Mənə elə gəlir ki, hər il daha da yaxşı olacaq.
– Milli komandalardan təklif olsa, gedərsən, yoxsa “Sabah”da daha rahatsan?
– Həqiqətən, gəlib görsəz bizim U-17 komandasına yaradılan şəraiti… Mən deyərdim ki, “Sabah”ın əsas komandası qədər şərait yaradılıb. Həm maddi, həm mənəvi, çox böyük dəstək görürük. Hətta uşaqlar belə, demişdilər ki, biz bunun qarşılığında yaxşı nəticə verməliyik. Çünki onlar ilk dəfə idi belə şərait görürdülər. Mən çox istərdim ki, gəlib bizə yaradılan şəraitlə, məşq proseslərimizlə yerində tanış olasız. Həqiqətən də, “Sabah” rəhbərliyinə komandamız adından təşəkkür edirəm.

– Rəhbərlik bu sahəyə nə dərəcədə diqqət ayırır, baş məşqçilərin qarşısına hansısa hədəflər qoyulur?
– Rəhbərlik qarşımıza heç bir hədəf qoymamışdı, bizdən heç bir şey tələb etmirdi. Sadəcə, qızlara dəstək oldular. Sosial olaraq, maddi və mənəvi çox diqqət ayırdılar. Qızlar bəlkə də, futbolu atıb hansısa bir sahəyə yönələcəkdilər. Amma elə oldu ki, bu şərait qarşısında biz istədiyimiz oyunçuları transfer edə bildik və istədiyimiz komandanı yaratdıq. Həmin qızlar da bu gün burada çıxış edib milli komandalara dəvət alırlar.
– Kişi futbolu ilə qadın futbolunu necə müqayisə edərdin?
– Ümumi götürsək, dünyada artıq qadın futbolu da önə çıxmağa başlayıb. Qadın komandalarının Çempionlar Liqasındakı, dünya çempionatındakı oyunları artıq canlı yayımlanır. Belə deyim, əvvəlki illərə nisbətən hardasa kişi futboluna çatıb. Təbii ki, kişi futbolu azarkeşlər tərəfindən daha çox izlənilir. Əvvəllər biz gedib hansısa məktəblərdə və ya məhlələrdə futbol oynayan qızları görürdük, baxırdıq, dəvət edirdik. Ancaq indi elə deyil, qızlar özləri futbola gəlir. Bizdə bir az mentalitetlə bağlı problemlər olurdu, ancaq indi elə deyil. İndi valideyinlər özləri uşaqları gətirir məşqlərə. Düşünürəm ki, artıq qarşıdakı beş il ərzində qadın futbolu kişi futboluna bərabər olacaq. Artıq qadınların dörd liqası var. Yüksək Liqa, U-17, U-15, U-13 liqalar və bu liqaların iştirakçılarının əksəriyyəti regionlarımızı təmsil edir.
– Ümumiyyətlə, ölkədə qadın futboluna göstərilən diqqət, ayrılan maliyyə səni qane edir?
– Ölkədə qadın futboluna federasiya tərəfindən son ildə daha çox diqqət ayrılıb. Buna nümunə olaraq milli komandanın nəticələrini misal göstərə bilərəm. Keçən mövsüm Millətlər Liqasının C qrupunda qalib olaraq B liqasına vəsiqə qazandılar. Çox çətin bir qrupdan çıxmışdılar. Təəssüf ki, B liqasında da pley-offa qədər irəliləyib Portuqaliya millisi ilə qarşılaşmalı oldular. Təəssüflər olsun ki, millimiz çox güclü rəqiblə düşmüşdü. Bunun özü çox böyük bir uğur idi. Yenidən C liqasına düşmüşük. Mayın 30-da Bakıda Litva millisini məğlub edib, birbaşa yenidən B liqasına vəsiqə qazana bilərik. Və bu o deməkdir ki, göstərilən nəticələr təsadüfi deyil. Millimizin baş məşqçisi Siyasət Əsgərov bütün liqaların oyunlarını izləyir, bizim komandanın oyunçuları ilə yaxından maraqlanır. İstedadlı futbolçuları yaşlarının az olmasına baxmayaraq, millinin məşqlərinə dəvət edir. Düşünürəm ki, millimiz Litva yığmasını məğlub edib yenidən B liqasına vəsiqə qazanar və bu nəticələrin təsadüf olmadığını göstərər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



