“Millinin düşərgəsində olmaq özü bir məktəbdir”

Dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoxlama oyunları keçirəcək Azərbaycan millisinin hazırlıq planı və heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, dəvət olunan futzalçılar arasında U-19-un üzvü Xəzər Ağalızadə də var.

İlk dəfə əsas millinin düşərgəsində olacaq gənc futzalçı federasiyanın rəsmi saytına açıqlama verib:

“Tələbəyəm. Dərsdə idim, U-19 millimizin meneceri zəng vurdu ki, səni A millinin təlim-məşq toplanışına dəvət ediblər. Milli komandaya dəvət almaq sevindirici xəbərdir. Tələbə yoldaşlarım da yanımda idi, sevincimi ilk olaraq onlarla bölüşdüm. Daha sonra valideynlərimlə danışdım, belə bir dəvət aldığımı çatdırdım. Əlbəttə, ən azı mənim qədər sevindilər və səbirsizliklə oyun gününü gözləyəcəklər.

Açığı, dəvət gözlənilməz oldu. Çünki hazırda U-19 yığmamızda çıxış edirəm. Yüksək Liqada oynamaqla həm də gələn ilin martında keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Bütün fikrimizi orada daha yaxşı nəticə qazanmağa yönəltmişik. Görünür, baş məşqçi Joze Alesio Da Silva perspektiv gördüyünə görə, məni A milliyə dəvət edib. Özümü yaxşı tərəfdən göstərmək üçün əla imkandır.

U-19-la bu ilin sentyabrında Rusiyanın Kazan şəhərində keçirilmiş yarışda iştirak etmişəm. Orada müəyyən beynəlxalq təcrübə qazansam da, A millinin düşərgəsində olmaq özü bir məktəbdir. İdealın olan oyunçularla bir yerdə məşq etmək, onlardan daha çox öyrənmək imkanım olacaq. Üzərimdə əməyi olan U-19-un baş məşqçisi Ağatahir Əzimova da təşəkkür edirəm. Şans verilsə, oyunda da iştirak edəcəm. Yenə deyirəm, millinin üzvlərindən, eləcə də məşqçilərdən öyrənəcəyim çox nüanslar var. İnkişaf etməyimdə bu cür toplanışların rolu böyük olacaq. Eyni zamanda, bu dəvət həm mənim, həm də U-19-dakı komanda yoldaşlarım üçün əlavə stimul olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button