“Millidəki oyunlar mənim üçün çox yaxşı təcrübə oldu” – Anatoli Nuriyev

Ukraynanın “Minay” klubunun kapitanı Anatoli Nuriyev futbol üzrə Azərbaycan milli komandasındakı debütündən danışıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu klubunun rəsmi saytına açıqlamasında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya (0:1) və Serbiyaya (1:2) qarşı oyunlardan, eləcə də Qətərlə yoldaşlıq matçındakı çıxışından söz açıb:

“Təəssüratlarım, əlbəttə ki, müsbətdir. Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır. Duyğular bir az sakitləşəndə mən millidə oynamağın, Kristiano Ronaldo, Bruno Fernandes, Duşan Tadiç kimi futbolçulara, ümumiyyətlə Portuqaliya və Serbiya yığmalarına qarşı mübarizə aparmanğın nə qədər şərəfli və gözəl olduğunu başa düşdüm. Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi. O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi”.

Millimizin üzvü hər qarşılaşmada fərqli mövqelərdə oynadığını söyləyib: “Portuqaliya ilə görüşdə sol cinah yarımmüdafiəçisi, Qətərlə matçda hücumçunun arxasında, Serbiya ilə oyunda isə 2-ci forvard kimi çıxış etdim. Sonuncu variantı daha çox bəyənirəm və baş məşqçi də məni bu mövqedə görür”.

Futbolçu A qrupundakı ən çətin matçın serbiyalılara qarşı olduğunu vurğulayıb: “İlk hissədə biz qaçır, müdafiə olunurduq. İkinci yarıda isə oyunu bərabərləşdirdik. Topa daha çox sahib olmağa və hücumlar qurmağa başladıq. Ümumilikdə, olduqca çətin bir matç keçirdik. Halbuki, xal qazanmağa yaxın olsaq da, buna nail ola bilmədik”.

Nuriyev Portuqaliya yığması ilə üz-üzə gəldikləri İtaliyanın “Yuventus” sadionunu xüsusi fərqləndirib: “Çox yığcam və rahat idi. Debretsendəki arena və Bakı Olimpiya Stadionu da xoşuma gəldi. Sonuncuda ot örtüyü sadəcə möhtəşəm idi”.

Forvard millimizin digər üzvləri ilə tanışlığından da söz açıb: “Daha öncə heç kimlə tanışlığım yox idi. İlk dəfə komandanın şam yeməyində bütün futbolçularla salamlaşdım, tanış oldum. Orada heç bir rəqs və ya mahnı yox idi”.

Nuriyev yenidən Azərbaycan millisinə çağırılacağına ümid etdiyini bildirib: “Dəvət üçün bundan sonra da yaxşı oyun nümayiş etdirəcəyimə ümidvaram”.