“Mənə ədalətli hakimlik lazımdır” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. İkinci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. İki epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda, Qəbələ səfərində bir xal pis nəticə deyil. Qarşıda “Səbail”lə çox vacib oyun bizi gözləyir. Ona hazırlaşacağıq.

Hakimin idarəçiliyini bəyəndim deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Ümumən bu gün foullar çox idi. Tez-tez qayda pozuntuları olurdu. Ümumiyyətlə, “Qəbələ” ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir. Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var. Hakimliklə bağlı etirazlarımız odur ki, aydın epizodlar idi. Bəzən VAR susur, belə epizodlar adamı məyus edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button