“Hamı qaçırdı ki, birdən nəsə dəyər, ancaq mən deyirdim ki, Allah məni burda saxladısa, bundan sonra da saxlayacaq” – Müsahibə+Foto

“Unuda bilmədiyimiz oyun”

Komanda.az saytında “Unuda bilmədiyimiz oyun” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan milli komandasının, klublarının tarixinə yazılan oyunlarda iştirak edən futbolçular və məşqçilərlə danışırıq. Növbəti qonağımız 2003-cü ildə, AÇ-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriya millisi ilə səfərdə 2:2 hesablı heç-heçə etmiş Azərbaycan yığmasının keçmiş baş məşqçisi Əsgər Abdullayevdir.

  • Əsgər bəy, Serbiya ilə səfərdə 2:2 hesabıyla bərabərə qaldığınız oyun haqda yaddaşınızda nələr qalıb?
  • Bildiyiniz kimi, həmin dövrdə ölkə çempionatı dayandırılmışdı və klublarla federasiya arasında anlaşılmazlıq var idi. Ona görə, bu oyundan 21 gün əvvəl komandanı yığası olduq ki, futbolçuları hazırlaya bilək. Bir həftə Bakıda toplaşdıq və daha sonra 14 günlük o vaxtkı Serbiya və Çernoqoriyaya getdik. Federasiyalar arasında razılıq oldu, UEFA-dan da icazə alındı və martda olmalı oyun fevrala keçirildi. Rəqib çox güclü idi, amma futbolçularımız çox yaxşı çıxış etdilər və yaxşı nəticəylə səfərdən qayıtdıq.
  • Federasiya ilə klublar arasında olan anlaşılmazlığa görə klublar futbolçularını milliyə buraxmırdı. Belə bir məqamda heyəti qurmaq çox çətin olmadı ki?
  • Bir neçə futbolçu yığmaya dəvət alsa da, klubları tərəfindən buraxılmadılar və çətinliyimiz oldu. Həm də çempionat dayanmış, futbolçular iki aya yaxın idi ki, məşq etmirdilər. Bizim üçün çox çətin olacaqdı, ona görə də, 21 günlük toplanış keçdik. İnandırım səni, gəldik Serbiya və Çernoqoriyaya və orda da yağışa düşdük, bizim üçün çox çətin oldu. Protokolu tamamlamaq üçün 18 futbolçu lazım idi. Yerli klublar da futbolçularını buraxmırdılar, çətin vəziyyətə düşmüşdük. Bunu da deyim ki, hətta mən özüm də köməkçi-məşqçi Şakir Qəribovla İrana getdim ki, ordakı azərbaycanlı futbolçulara baxaq. Sonra da məcbur olduq ki, protokolun tamamlanması üçün 18 yaşlılardan ibarət komandadan futbolçular dəvət edək. O vaxt Serbiya və Çernoqoriya kimi milli komandaya qarşı oynamaq bu vəziyyətdə çox çətin idi.
  • Bəs bu vəziyyətdə güclü rəqibə qarşı qazandığınız uğurlu nəticənin sirri nədə idi?
  • Rəqibə gəlincə, həqiqətən, onlar favorit idi. O vaxt serblər İtaliya ilə oyunda da yaxşı çıxış etmişdilər. Həmin vaxtda Serbiya və Çernoqoriya çox güclü idi və belə vəziyyətdə onlara qarşı oynamaq çox çətin idi. Bu nöqteyi-nəzərdən baxsaq, rəqib bizdən qat-qat üstün və aşkar favorit idi. Futbolçuları inandırmağa çalışdıq ki, biz burdan əliboş getməməliyik. Rəqib də meydana özünə arxayın çıxmışdı. Bütün futbolçularla fərdi danışıqlarımda onları inandırmağa çalışırdım ki, burdan xalla qayıda bilərik. Onlara deyirdim ki, özünüzə inanın və bu olacağı halda, mütləq xal ala biləcəyik. Oyundan sonra mətbuat konfransında mənə rəqibin ikinci qol epizodunda topun qapı xəttini keçib-keçməməsiylə bağlı sual vermişdilər. Həqiqətən, o epizodu mən də yaxşı görməmişdim. Oyundan sonra Rəşaddan (Rəşad Sadıqov) soruşdum və mənə dedi ki, özüm topu qapı xəttini keçməmiş çıxarmışam. Hətta sonra Finlandiya ilə matçda da türk hakim var idi, o mənə dedi ki, serblərin vurduğu hər iki qol ofsayd idi. Komandamız ilk hissəyə nisbətən ikinci hissədə topralana bildi və meydançada daha yaxşı görünürdülər. Futbolçular da sağ olsunlar ki, məğlubiyyətlə barışmadılar və 0:2 hesabıyla geridə olsaq da, hesabı bərabərləşdirə bildilər və xalla ayrıldıq. Burdakı nəticə sonrakı oyunlarımızda da bizim özümüzə inamımızı artırdı və yaxşı motivasiya oldu.
  • Oyunun fasiləsində futbolçulara nə dediz ki, komanda belə toparlanıb, 1 xal qazanmağı bacardı? Serblərin qazandığı penaltiyə səbəb olan Emin Quliyevlə nəsə söhbətiniz oldu?
  • Belə deyim də, Emin Quliyev müdafiəçi idi. Və səhv etməsi çox da böyüdüləcək bir şey deyildi. Penalti epizodu da təmiz idi. Dünyada səhvsiz insan yoxdur. Düzdür, Eminin orda rəqibinin üzərinə bir az da getməsi daha məqsədəuyğun olardı, amma o rəqibinə “potkat” girdi və penalti təyin olundu. Emin çalışırdı ki, hücumun qarşısını alsın, oyun müddətində də inamlı çıxış edirdi. Həm də, oyun zamanı qıraqdan futbolçuya qışqırmaq, onu tənqid etmək lazım deyil. Əsas odur ki, onu başa salasan. Fasilədə də futbolçuları sıxmaq düzgün deyil – qışqırmaq, bağırmaq yox, başa salmaq lazımdır ki, futbolçu ruhlansın, sınmasın. Gərək məşqçi də futbolçuların psixologiyasını bilsin, onlara bələd olsun. Futbolçuyla elə danışarsan ki, onu sındırar, elə də danışarsan ki, onu ruhlandırar, yüksək motivasiya verərsən.
  • Oyunun fasiləsində səhv etmirəmsə, Samir Əliyev yüngül zədəsi olduğu üçün oynamaq istəməyib. Lakin AFFA-nın mərhum prezidenti Fuad Musayev bir dəfə elə bizə açıqlamasında demişdi ki, “paltardəyişmə otağına getdim, Samir orda yox idi. Əsgərdən soruşdum, o da dedi ki, Samirin ayağında ağrı var və oynamaq istəmir. Sonra gedib, Samiri duşdan çıxartdım və ikinci hissədə meydana çıxdı”.
  • Samir Əliyev ilk hissədən sonra mənə yaxınlaşdı və dedi ki, ayağımda ağrı var, məni dəyişin, komandaya kömək edə bilməyəcəm. Sonra mən, rəhmətlik Fuad Musayev və komandanın həkimi Boris Xetaqurov danışdıq. Məsləhət oldu ki, Boris ona baxsın və ayağına keyidici nəsə sürtsün. Çünki Samirin oynaması bizim üçün lazım idi, onun ikinci hissədə olmaması bizim üçün böyük itki olardı. Həm Samir, həm də Boris sağ olsun ki, bu işin öhdəsindən yaxşıca gəldi. Samir də ikinci hissədə meydana çıxaraq, gözəl oyun sərgilədi və ağrısız meydanda qaldı. Fürsətdən istifadə edib, Borisi təbrik etmək istəyirəm. Sabah onun 80 yaşı tamam olur. Onun Azərbaycan futbolunda böyük əməyi var və onu təbrik edirəm. Borisə uzun ömür, can sağlığı arzu edirəm.
  • Həmin dövrdə qrupun favoritlərindən olan Serbiya millisindən iki oyunda 4 xal ala bilmişdiz. Uğurda əsas pay sahibi kim idi?
  • Bu nəticələrdə pay sahibi bütün heyət – məşqçilər, futbolçular, rəhbərlik idi. İkinci oyunu da götürsək, bu sıraya azarkeşləri əlavə edərdim. Onların da bizə dəstəyi yaxşı oldu, sona qədər arxamızda durdular, bizi dəstəklədilər. Bu uğura görə kimisə fərqləndirmək istəməzdim. Bu, bütün Azərbaycan xalqının qələbəsi idi.
  • Serbiya və Çernoqoriya ilə səfər oyununda qazanılan 1 xal yığmanın tarixinə düşmüşdü. Belə ki, milli komanda ilk dəfə Avropa çempionatlarında səfərdə xal qazanmışdı. Həmin dövrü məşqçi karyeranızın ən uğurlu dönəmi hesab edirsiz?
  • Belə deyim də, uğurdur və bu, tək mənə məxsus deyil. Rəhmətlik Əhməd Ələsgərov deyirdi ki, “baş məşqçi işə girəndə iki ərizə yazmalıdır – biri işə girmək üçün, birini də ehtiyatda saxlamalıdır ki, istefası hazır olsun”. Demək istəyirəm ki, o qələbənin tək sahibi mən deyiləm. Düzdür, faciə olsaydı, deyəcəkdim ki, mənim günahımdır. Ancaq bu qələbə tək mənim deyil, hamınındır – mənə kömək edən Camal Əliyevin, Şakir Qəribovun, futbolçuların, rəhbərliyin. Qazanılan uğurda hamımızın əziyyəti var, burda kiməsə çox, kiməsə az qiymət vermək lazım deyil. Şəxsən mən futbolçuların, məşqçilərin əziyyətini özümünkündən az dəyərləndirmirəm. Azarkeşlərin də Bakıdakı oyunda dəstəyi çox böyük idi. Bax, o dəfə “Mançester Siti”nin “Real”la oyununa baxıram. Gör azarkeşsiz bir oyun nə qədər maraqsız görünür? Futbolçuların özündə belə, əvvəlki əzmkarlıq görünmür. Azarkeşli oyundakı məsuliyyət tamam başqa şeydir.
  • Oyunla bağlı yaddaşınızda xüsusi qalan maraqlı məqam varmı?
  • Oyundan sonra belə bir şey oldu ki, rəqibin azarkeşləri gözləmədikləri nəticəyə görə tribunadan bizə alışqan, butulka atırdılar. Bizim futbolçular da qaça-qaça paltardəyişmə otağına gedirdilər. Hamı qaçırdı ki, nəsə dəyər, ancaq mən deyirdim ki, Allah məni burda saxladısa, bundan sonra da saxlayacaq. Mən asta yerişlə paltardəyişmə otağına gəldim, heç nə də dəymədi. Allah saxlayanda saxlayır da. Mən sizə deyim, həqiqətən, komanda çox güclü idi və onları, azarkeşlərini təəccübləndirməyi bacarmışdıq. Möcüzə idi də…

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button