Avropa çempionatı: Azərbaycanlı boksçular 1/4 finala yüksəldi

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın ikinci günü Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan) qalib gələn Ruslan Rüstəmov (64 kq) 1/8 finalda rusiyalı Maqomed Şamsayevlə döyüşüb. Boksçumuz çıxışını qələbə ilə başa vurub – 4:1 (29:26, 28:27, 29:26, 29:26, 27:28). O, 1/4 finalda Almaniya təmsilçisi David Gevorgyanla üz-üzə gələcək. Qarşılaşma iyunun 21-də keçiriləcək.

Startda Arşak Yelizbaryana (Gürcüstan) gücünü göstərən Mirəşrəf Kazımzadə (75 kq) ikinci görüşündən də qalib ayrılıb. O, 1/8 finalda macarıstanlı Robert Cservenkadan üstün olub. Boksçumuz rəqibini 5:0 (28*:28, 28*:28, 28*:28, 29:27, 29:27) hesabı ilə məğlub edib. Kazımzadə iyunun 21-də 1/4 finalda ukraynalı Boqdan Tolmaçovu sınağa çəkəcək.

Yarışın üçüncü günündə 5 azərbaycanlı boksçu 1/8 final qarşılaşmasına çıxacaq.

Azərbaycanın 7 idmançı ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.