“İstənilən komanda ilə mübarizə aparacaq gücdəyik”

“Bakıda bu rəqibə qarşı daha yaxşı oynadıq və sübut etdik ki, istənilən komanda ilə mübarizə aparacaq gücdəyik”.

Komanda.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov Astanada Qazaxıstana 2:3 hesabı ilə uduzduqları DÇ-2024-ün elit mərhələsinin oyunu barədə danışarkən deyib.

39 yaşlı qolkiper səfərdəki görüşün Bakıdakının davamı olduğunu bildirib: “Bu qarşılaşmalar sanki bir-birini təkrarladı. Sadəcə, bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki oyunda bəxt onların tərəfində oldu. Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözlərini” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə görüşü saxladılar, ancaq rəqibin topu “oğurlayıb” qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən “feyr-pley” nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər”.

Kürdov qarşıda iki matçlarının qaldığını sözlərinə əlavə edib: “Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itkimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Final mərhələsinə birbaşa vəsiqə qazanmaq istəyirdik. Amma qeyd etdiyim səbəblər buna imkan vermədi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button