“Mançester Yunayted” satıla bilər

İngiltərənin “Mançester Yunayted” klubu satıla bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sahibləri Coel və Avram Qleyzerlər Avropa Super Liqası dağılacağı halda, yayda klubu sata bilərlər. Bu barədə “Daily Mail” nəşrinin jurnalisti Mayk Kiqan “tvitter” hesabında məlumat yayıb.

“Mançester Yunayted”də klubun icraçı direktoru Ed Vudvord da mövsümün sonunda vəzifəsindən ayrılacaq. Avropa Super Liqası layihəsinin təşkilatçılarından olan klub, rəsmi saytı vasitəsilə turnirdə iştirak etməyəcəyini açıqlayıb.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.