“Liverpul”un sahibi üzr istədi: “Bəzən səhvlər edə bilərik”

İngiltərənin “Liverpul” klubunun sahibi Con Henri Avropa Super Liqasına qoşulduqları üçün üzr istəyib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Henri, azarkeşlərdən, komandanın baş məşqçisi Yurgen Kloppdan və futbolçulardan üzr istəyib:

“Azarkeşlərin dəstəyi olmasa, bu layihə heç vaxt başlamayacaq. Futbolçulardan, Kloppdan və azarkeşlərdən üzr istəmək istərdim. Klub ətrafında baş verənlərdən çox məyus oldular. Ümid edirəm ki, bizi başa düşərlər. Klubun inkişafı üçün çalışırıq. Bəzən səhvlər edə bilərik”.

Aprelin 19-da Avropanın 12 klubu Avropa Super Liqasının yaradıldığını bəyan etmişdi. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcəkdi.

UEFA və FİFA-nın təzyiqlərindən, eyni zamanda, futbol ictimaiyyətinin narazılığından sonra İngiltərənin 6 klubu turnirdən geri çəkilib. İtaliya mətbuatının xəbərinə görə, yaxın zamanda “Milan” və “İnter” də Avropa Super Liqasından çıxdıqlarını açıqlayacaq.