İlin ən yaxşılarına namizəd finalçılar açıqlandı

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası “Globe Soccer Awards” versiyası üzrə 2019-cu ilin ən yaxşılarına namizədlər arasında finalçıları müəyyənləşdirib.

Komanda.az xəbər verir ki, namizədlər 7 nominasiya üzrə açıqlanıb.

İlin klubu adına “Liverpul”, “Ayaks” və “Lion” namizəd olub.

İlin məşqçisi adı uğrunda Yurgen Klopp (“Liverpul”), Erik Ten Haq (“Ayaks”) və Fernando Santos (Portuqaliya yığması) mübarizə aparacaq. Camal Belmadi (Əlcəzair yığması) və Massimiliano Alleqri (“Yuventus”) yekun heyətə düşə bilməyib.

Mino Rayola, Xorxe Mendes və Federiko Pastorello ən yaxşı menecer, Andrea Berta (“Atletiko”), Erik Abidal (“Barselona”), İqli Tare (“Latsio”) və Mark Overmars (“Ayaks”) isə ən yaxşı idman direktoru adına iddia edirlər. “Liverpul”un idman direktoru Maykl Eduards finala qala bilməyib.

2019-cu ilin ən uğurlu kəşfi olmağa 4 namizəd qalıb. Bunlar Ceydon Sanço (“Borussiya” Dortmund), Erlinq Haland (“Zalsburq”), Ansu Fati (“Barselona”) və Joao Feliksdi (“Atletiko”). Yalnız Kay Haverts (“Bayer”) finaldan kənarda qalıb.

Aleks Morqan (“Orlando Pride”), Lüsi Bronz, Amandine Henri (hər ikisi “Lion”) və Meqan Rapinoe (“Reyqn”) ilin qadın futbolçusu olmaq iddiasındadı. Marta (“Orlando Pride”), Ada Heqerbert (“Lion”) və Sari van Venendal (“Atletiko”) bu şansı əldən verib.

Nəhayət, 2019-cu ilin ən yaxşı kişi futbolçusu 4 nəfərdən biri seçiləcək. Onlardan 2-si “Liverpul”un formasını geyinir. Belə ki, Vircil van Deyk, Məhəmməd Salah (hamısı “Liverpul”), eləcə də Kriştianu Ronaldo (“Yuventus”) və Lionel Messi (“Barselona”) arasında seçim aparılacaq. Sadio Mane, Alisson Beker (hər ikisi “Liverpul”) və Bernardo Silva (“Mançester Siti”) finala adlamaq üçün lazımi qədər səs toplaya bilməyib.

Qeyd edək ki, qaliblər dekabrın 29-da müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button