Nazim Süleymanovdan AFFA-ya cavab: “Həmkarlar Təşkilatını Yurçeviç, Obradoviç yaratmalıdır?”

Dünən Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının konfransının keçirildiyini, konfransda təşkilatın adının dəyişdirilərək AFFA Azad Həmkarlar İttifaqı olduğunu, veteran futbolçu Nazim Süleymanovun isə bu quruma sədr seçildiyini xəbər vermişdik.

Bu gün isə federasiya bəyanat yayaraq, ittifaqın adında “AFFA” sözünün olmasının qanunsuz olduğunu bildirib.

Məsələ ilə bağlı ittifaqın sədri Nazim Süleymanovun fikirlərini öyrəndik. Süleymanov Komanda.az-a açıqlamasında bunları dedi:

“Biz bir neçə ay bundan əvvəl 12 nəfərdən ibarət təşəbbüs qrupu yaratmışdıq və AFFA-nın baş katibi Elxan Məmmədovun qəbulunda olmuşduq. Baş katib bizimlə görüşdü və bunun çox gözəl təşəbbüs olduğunu, dəstəklədiyini, federasiyada belə bir təşkilatın olmadığını dedi. Bizə lazımi sənədləri hazırlamağımızı dedi. Bildiyiniz kimi, biz də dünən təsis konfransı keçirdik və bu konfransda belə bir təşkilatın olmadığı bildirildi, fəaliyyəti bir daha müsbət qarşılandı. Həmkarlar İttifaqı Təşkilatı müstəqildir. Mərhum prezident Heydər Əliyevin imzaladığı qanunun 5-ci maddəsində bildirilir ki, Həmkarlar İttifaqı dövlət orqanları müəssisələrindən, siyasi partiyalar və ictimai birliklərdən asılı olmayıb və onlara hesabat verməməlidir. Dövlət orqanlarının və vəzifəli şəxslərin Həmkarlar İttifaqlarının işinin məhdudlaşmasına səbəb olan və ya fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Biz bu təşkilatı Səhiyyə Nazirliyində təsis etməliyik ki? Bizim ali qurumumuz AFFA hesab olunur və bu təşkilat da federasiyanın tərkibindədir. Bu, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar Təşkilatı idi, AFFA-da Həmkarlar İttifaqları olmadığı üçün belə addım atdıq. Biz qanunla hərəkət edirik. AFFA bizə şərait yaratmalıdır, biz də öz fəaliyyətimizi göstərməliyik. Bu, digər tərəfdən, onlar üçün yaxşıdır ki, bəzi işləri biz görəcəyik.

Bəyanatda bildirilir ki, bu təşkilatın AFFA-ya və onun işçilərinə aidiyyatı yoxdur. Bəs mən harda işləmişəm? Hansı sahənin işçisi sayılıram? Qanunun 5-ci maddəsində deyilir ki, bu təşkilat müstəqildir. Bəyanatda 1-ci maddəyə toxunulursa, niyə 5-ci maddəyə fikir verilmir? İndiyə qədər federasiyada belə bir təşkilat olmayıbsa, yoxdursa, bunu da biz təşkil etmək istəyiriksə, niyə bizə mane olmaq istəyirlər? Biz qanun çərçivəsində hərəkət edirik. Mən özüm də milli komandada, klublarda çalışmışam. Bunun üçün hansı quruma müraciət etməliyəm? Qanun da tələb edir ki, AFFA bizə məhdudiyyət yox, şərait yaratmalıdır. Biz də lazımi addımlar atacağıq. Elxan Məmmədovun görüşündə mən tək olmamışam axı, 12 nəfərlə birlikdə olmuşam. Baş katib də sənədləri hazırlamağımızı və ona təqdim etməyimizi dedi. Üstəlik, biz bu sənədləri aidiyyatı qurumlara təqdim etməliyik, Elxan Məmmədova yox. Biz də müstəqil qurumuqsa, sənədləri niyə ona verməliyik?

Onu da deyim ki, dünənki iclasda bu təşkilatı Asəf Namazov, Əfqan Həmzəyev, Orucəli Durmuşovla birgə təsis etmişik, bu insanların futbola aidiyyatı yoxdurmu? Həmkarlar Təşkilatını Nikola Yurçeviç, Milan Obradoviç yaratmalıdır? Biz haranın işçiləriyik ki? Bizə qiymət vermək istəmirlər, ya necə? Bu insanlar Azərbaycan futbolu üçün bu qədər iş görüblər. İndi gəlib xaricilər bu təşkilatı yaratmalıdır?”

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button