“Həmişə yaxşı oyun və qələbə olmur” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Bu oyunda sadəcə qol çatışmadı. Futbolçularımdan çox razı qaldım. Görmək istədiyim dinamikanı və komandanı gördüm. Matç qolsuz bitsə də, futbolçularımdan çox razı qaldım. Qarşıdakı oyunlarda bu tempi saxlasaq, daha yaxşı nəticə görəcəyik. Çempionat sona doğru daha maraqlı alınır
  • Oyunun nəticəsi ədalətli idimi?
  • Bilmirəm, mən komandamdan razı qaldım. Bir xal da irəli getdik. Hər zaman yaxşı oyun və qələbə olmur.
  • Qış fasiləsində yeni futbolçu cəlb etmədiyiniz üçün heyfslənirsiz?
  • Xeyr. Bizim kimi hamı futbolçu axtarışındadır. Pandemiya ilə bağlı çox dəyişikliklər oldu. Heyfslənmirəm, sadəcə, əlimizdə olan futbolçuları qoruyub saxlamaq bizim üçün çox vacibdir.
  • İlk hissədə Abbasın epizodu “Barselona” – PSJ matçındakı penalti epizoduna bənzəyirdi…
  • Dəqiq görmədim. Abbas dedi ki, müdaxilə var idi. Bu oyunu idarə etmək hakim üçün də çətin idi. Çünki çox dinamik oyun gedirdi. Baş hakimdən daha çox yan xətt hakimi görə bilərdi. Təkrara baxandan sonra daha düzgün fikir bildirə bilərik. İndi oyun bitib və kimdəsə günah axtarmaq bizə yaraşmaz. İstəmirəm ki, bu cür epizodları futbolçular üçün bəhanəyə çevirək.
  • Kevin Medinanın cəzası nə oldu?
  • 4 oyun olmayacaq, qarşıdakı oyunlarda da qələbə olanda ona “premiya” olmayacaq. (gülür) Çalışıb düzgün heyət qurub, çıxış yolu tapmalıyıq. Elə təcrübəli futbolçular belə səhvlər etməməlidir. Futbol aqressiv oyundur. Həmin hərəkətə görə Medinadan narazı qaldım və cəzası da var. Bu, onun üçün bir təcrübə olacaq.

Şahin Cəfərov